Fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərİ mükafatlandırılıblar

Fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərİ mükafatlandırılıblar

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi "Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Fonddan 101.az-a bildirilib ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Fondun icraçı direktoru Vüqar Səfərli, nazirliyin rəhbər vəzifəli şəxsləri, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.

Nazir Sahil Babayev qonaqları salamlayaraq nazirliyin son aylarda həyata keçirdiyi layihələrin vətəndaş məmnunluğunun təmin edilməsi məqsədinə xidmət etdiyini bildirib. Əmək və əhalinin sosial müdafiəsi naziri fiziki məhdudiyyətli insanların sosial müdafiəsinin gücləndirilməsinin, onların cəmiyyətə fəal inteqrasiyasına şərait yaradılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətində başlıca istiqamətlərdən olduğunu vurğulayıb. Nazir bildirib ki, Fondla birgə təşkil olunan “Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya” mövzusunda müsabiqə də bu istiqamətdə aparılan işlər barədə geniş ictimai məlumatlandırmanın həyata keçirilməsində, eyni zamanda, əlilliyi olan şəxslərin ictimai həyatda bərabərhüquqlu iştirakının təmin olunması, onların bacarıqlarının, məşğulluq imkanlarının dəstəklənməsi məsələsinə cəmiyyətin diqqətinin artırılması işlərində peşəkar jurnalist əməyinin stimullaşdırılması məqsədi daşıyır. O qeyd edib ki, media nümayəndələrinin müsabiqədə fəal iştirakı, müvafiq mövzularda araşdırmalar aparılmaları daha məzmunlu, əhatəli və oxunaqlı materiallar dərc etdirməyə səy göstərmələri müsbət haldır.

S.Babayev diqqətə çatdırıb ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq hazırda nazirliyin fəaliyyət sahələrində mühüm islahatlar aparılır. Əsas məqsəd dövlət sosial xidmətlərinin innovativ həllərin tətbiqi şəraitində vahid platformadan - DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərindən operativ və tam şəffaf, eyni zamanda keyfiyyətli şəkildə təşkili, sosial təminat sisteminin mütərəqqi və ədalətli yanaşmalar əsasında təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının səmərəli təşkili və genişləndirilməsi, əmək bazarında, ümumən sosial rifahda rolunun artırılması, qeyri-rəsmi məşğulluğun qarşısının alınmasıdır. Nazirlik bu islahatlar, fəaliyyət sahələrində görülən işlər barədə cəmiyyətin ətraflı məlumatlandırılmasında KİV-in roluna və media ilə əməkdaşlığa xüsusi önəm verir. Bu əməkdaşlıq, eyni zamanda görülən işlər və aparılan islahatlar barədə ictimai rəyin, vətəndaş mövqeyinin, bir sıra hallarda cəmiyyətdən gələn təşəbbüslərin öyrənilməsində çox faydalıdır. Ona görə də nazirlik jurnalistləri həmişə ictimaiyyətlə fəal əlaqələrin təşkilində, cəmiyyətlə münasibətlərdə yaxın köməkçi hesab edir.
Nazir Fondla ilə birgə təşkil olunan ikinci, yəni "Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah" mövzusunda müsabiqəyə də bu ay yekun vurulacağını deyib. S.Babayev qarşıdakı dövrdə Fondla birgə belə müsabiqələrin təşkilinin davam etdiriləcəyini, mətbuatla əməkdaşlığın daha da gücləndirilməsinin diqqətdə saxlanacağını bildirib. O, müsabiqənin qaliblərini təbrik edib, həmçinin nəticələr barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
Fondun icraçı direktoru Vüqar Səfərli qonaqları salamlayaraq S.Babayevə nazir vəzifəsində uğurlar arzulayıb. O, son aylarda nazirliyin apardığı islahatların əhalinin, o cümlədən əlilliyi olan vətəndaşların sosial rifah halının yüksəldilməsi məqsədinə xidmət etdiyini bildirib. V.Səfərli xatırladıb ki, BMT Baş Məclisi 1992-ci il oktyabrın 14-də dekabrın 3-ü tarixinin "Beynəlxalq Əlillər Günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul edib. İcraçı direktor bildirib ki, bunda məqsəd cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan insanların hüquqlarını qorumaqdır. V.Səfərli respublikamızın BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulduğunu, son illər əlillərin sosial rifahının yüksəldilməsi üçün dövlət səviyyəsində kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Çıxışını davam etdirən icraçı direktor həmçinin bildirib ki, Fondun fəaliyyətində başlıca istiqamətlərdən biri də mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığı gücləndirməkdir. V.Səfərli qeyd edib ki, Beynəlxalq Əlillər Günü ilə əlaqədar müsabiqənin təşkilində məqsəd jurnalistlərin peşəkarlığını və sosial rifah halını yüksəltmək, habelə ictimaiyyəti nazirliyin bu sahədə keçirdiyi genişmiqyaslı islahatlarla dolğun və obyektiv şəkildə tanış etməkdir.

V.Səfərli noyabrın 2-dən 27-dək davam edən fərdi jurnalist yazıları müsabiqəsinə 32 KİV-dən 49 yazının təqdim olunduğunu, yazıların 3 ekspert tərəfindən qiymətləndirildiyini bildirib. İcraçı direktor müsabiqənin yekunlarına əsasən, 6 nəfərin əsas, 5 nəfərin həvəsləndirici mükafatlara layiq görüldüyünü diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev, "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli nazirliklə media arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir və təkliflərini bölüşüblər.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim olunub. Qalibləri təbrik edən icraçı direktor Vüqar Səfərli media ilə səmərəli əməkdaşlığa görə nazir S.Babayevə təşəkkürünü bildirib.

Tədbiri yekunlaşdıran nazir S.Babayev media ilə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə iştirak edən jurnalistlərə təşəkkürünü bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

101.az

Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR