Vüqar Dəmirbəyli: "Mən bu romanda onların yarım əsrlik yol ilə Azərbaycanın həmin dövr tarixini əlaqələndirməyə çalışmışam"

Vüqar Dəmirbəyli: "Mən bu romanda onların yarım əsrlik yol ilə Azərbaycanın həmin dövr tarixini əlaqələndirməyə çalışmışam"

Vüqar Dəmirbəyli: "Burada tək bir nəslin - XV əsrdə indiki Türkmənistanı tərk edib Gəncə ətrafında yerləşən Toğan bəyin başçılıq etdiyi, sonradan nəslin bir üzvünün adı lə Bəbirağalılar, Rusiyanın tərkibində isə Bəbirbəyovlar adlanan səlcuq tayfasının tarixi əks olunmur. Mən burada bu tayfanın 500 ildə keçdiyi yol ilə Azərbaycanın həmin dövr tarixini əlaqələndirməyə çalışmışam".

İtirilmiş torpaq.

Roman.

(Əvvəlli 07.02.2019-u il tarixində).


Ərsin bəy tək gəlmişdi. Bu adam Durmuş xanın yaxın qohumlarından idi, Toğanlasa həmişədən çox yaxşı münasibətdə olmuşdu.

— Buyur, Ərsin bəy, xoş gəlibsən, həmişə sən gələsən! – Toğan bəy ayağa durub qonağı mehribanlıqla qarşıladı və ona mütəkkələr düzülmüş xalıda yer göstərdi.

Qonaq minnətdarlıq elədi və yer seçib oturdu. Ərsin bəy tutqun idi və qayğılı görünürdü. Toğanın arvadının gətirdiyi çaydan bir qurtum içəndən sonra özü sözə başladı.

— Toğan bəy, mənim sənə nə qədər hörmətim olduğunu bilirsən, tək mənim yox, Durmuş xanın bütün nəsli sənə böyük hörmət bəsləyir.

— Sağ ol, Ərsin bəy, mənim də sizlərə ehtiramım böyükdü, — Toğan özünü qonağın qarşısında nə qədər tox tutmağa çalışsa da, yenə də səsində kədər və pərişanlıq duyulurdu.

Həm də hiss olunurdu ki, Toğan bəy qonağın bu vaxtsız gəlişinin səbəbini tez bilmək istəyir, Ərsin bəy isə hələ ki, mətləbə keçmirdi. Yenə bir az ordan-burdan, olub keçənlərdən, ötən vaxtlardan, əvvəlki savaşlardan, döyüşlərdən danışdılar. Sonra Ərsin bəy Durmuş xandan danışmağa başladı:

— Kişi lap qocalıb əldən düşüb, ağlı özünü girləmir. Axı bu nə qədər xan olub qalacaq? Hamı ondan, onun əməllərindən narazıdır.

— Sözünün canı nədir, Ərsin bəy, onu de! – Toğan bəy qonağın qırımından ortada nəsə mühüm bir iş olduğunu başa düşdü.

— Sözümün canı daha nə olacaq, Toğan bəy? Qoca bu gecə sənin üstünə böyük bir dəstə göndərəcək. Məqsədi səni qohum-əqrəbanla bir yerdə məhv eləyib, var-dövlətinə, sürülərinə, torpaqlarına sahib olmaqdı.

Ərsin bəy bunu deyib zənlə məşəl işığında Toğan bəyin bu sözlərdən sonra daha da tutulmuş, qaralmış kimi görünən sifətinə baxdı. Toğan bəy bu gözlənilməz xəbərdən sarsılsa da, yenə özünü ələ alıb, cavab verdi:

— Nolar, qoy göndərsin dəstəsini. Biz də səlcuqların kim olduğunu bir də bütün elə göstərərik.

— Toğan bəy, sənin üstünə bu gecə bir qoşun gələcək. Sən ona beş-on adamınla neynəyəcəksən? Siz nə qədər igid də olsanız, bu qoşunun qabağında dura bilməyəcəksiniz. Qırıb-çatacaqlar hamınızı, inan mənə.

— Mənə sözün nədir, Ərsin bəy? De, açıq de! – Toğan bəy Ərsin bəyin gizli bir fikri olduğunu və ona nəsə təklif etmək istədiyini artıq duymuşdu.

— Sözüm budur, Toğan bəy: biz hamımız, Durmuş xanın nəslindən də olsaq, sənə hörmət bəsləyirik. Qoşun böyükləri də bizdəndir, özün bilirsən. Mən onlarla da bu gün danışmışam. Heç biri sənin üstünə gəlmək istəmir. Biz istəyirik, bu qocadan canımızı qurtaraq, onun yerinə bizim nəsildən başqa birisi xan olsun.

— Yoxsa sən özün xan olmaq istəyirsən, Ərsin bəy?

— Bunu mən yox, Durmuş xanın ətrafı istəyir. Mən də razılığımı artıq vermişəm.

Toğan bəy Ərsin bəyi xan kimi təsəvvür eləməyə çalışdı; Ərsin hələ cavan da olsa, el içində igid, tədbirli bir adam kimi tanınmışdı. Bu məziyyətlərinə görə də yəqin ki, Durmuş xanın ətrafı onu xan etməyi qərara almışdı.

— Bizə lazım olan tək sənin bizim tərəfimizdə olmağın, bizim qərarımıza dəstək verməyindir, Toğan bəy. Bu yolla sən həm də nəslini qırğından qurtaracaqsan. Bundan sonra yenə əkin-biçininlə, mal-heyvanınla məşğul ol, sənə gözün üstə qaşın var deyən kimdi?

Toğan bəy dərindən köks ötürüb, gözünü qonağın gözünə zillədi.

— Çox sağ ol, Ərsin bəy, təklifinə görə, məni və nəslimi qurtarmağa çalışdığınız üçün də sənə və qohumlarına duaçıyam. Amma mən bunu eləyə bilmərəm. Bəylərə də bunu beləcə çatdırmağını rica edirəm. Mən Durmuş xana həmişə sədaqətlə qulluq eləmişəm, mən ona qarşı çıxa bilmərəm.

— Bəs qoşun gələndə neynəyəcəksən? – Ərsin məyus olduğunu gizlətmək istəmədən soruşdu.

— Tanrı bilən məsləhətdi. Onsuz da gec-tez onun istədiyi olacaq.

Ərsin bəy gedəndən sonra Toğan bəy yenidən qohum-əqrəbanı ayağa qaldırıb indicə eşitdiklərini onlara danışdı.

— Amma təşvişə düşmək lazım deyil. Kişilər silahlanıb mənimlə birlikdə alaçıqların qabağında keşik çəkəcəklər, qadınlarsa uşaqlarla bir yerdə dəyələrin içərisində oturub gözləsinlər. Amma siz də içəridə xəncərləri, qılıncları hazır tutun. Biz basılsaq, üstünüzə gələni doğrayın.

Doğan bəy alaçıqların qabağında hərləmə adamlarını düzdü, onlara, hücum olarsa, necə hərəkət etmək lazım olması haqda son məsləhətlərini verdi.

Gecədən xeyli keçmiş qoşun özünü yetirdi. Alaçıqların üzərinə hərəkətə keçəndə Doğan bəyin döyüşçülərinin müqavimətinə rast gəldilər. Qan su yerinə axdı. Doğanın adamları nə qədər şücaətlə vuruşsalar da, yenə də qoşunun qabağını almaq mümkün olmadı, igidlərin cəsədləri döşənib yerdə qaldı. Bir az da getsə qoşun alaçıqların üzərinə hücuma keçəcək, onları yerlə-yeksan edəcəkdi. Bu Doğamn bəyin nəslinin sonu demək olardı. İşi belə görəndə bir qolundan yaralanmış Doğan bəy qabağa çıxıb həyəcanla qoşun böyüklərinə səsləndi:

— Əl saxlayın, bəylər! Mən Toğan bəyəm! Siz məni hamınız yaxşı tanıyırsınız. Sizinlə danışmaq istəyirəm.

Qoşun bir azdan hərəkətini dayandırdı. Qoşun böyüklərindən biri qabağa gəldi. Toğan bəyi bir tərəfə çəkib astadan dedi:

— Nahaq Ərsin bəyin dediyini qəbul eləmədin, Toğan bəy. Heç indi də gec deyil…

— Sağ ol, bəy. Amma bu mənim işim deyil, — Toğan bəy baş verənlərdən sarsılmış da olsa, yenə də özünü tox tutmağa çalışdı. – Durmuş xanın istədiyi mənim nəslimlə bərabər buradan uzaqlaşmağım deyilmi? Mən artıq onun iradəsini yerinə yetirməkdəydim ki, qoşunu üstümə göndərdi. Biz gedirik, bəy. Durmuş xana da bunu belə çatdırın. Nə qədər əkin yerlərimiz var, qoy onun olsun. Mal-davarımın da yarısını özümüzlə sürəcəyik, yarısı qalsın ona. İmkan eləyib ən yaxın vaxtda Türküstanı tərk edəcəyik.

Qoşun başçısı daha bir söz deməyib getdi, adamlarını da çəkib apardı.

Toğan bəy sağ qalmış qohumları ilə yır-yığış eləyib köçünü İrana tərəf sürdü. Böyük bir qoyun sürüsü qabaqlarında, beləcə bir neçə araba ilə əvvəlcə Xorasana daxil oldular. Bu tərəflərdə xalqı bu cür köçlə çətin təəccübləndirəydin, amma yenə də, bu köçün əzəməti istər-istəməz adamların diqqətini çəkirdi. Qur-quldursa köçün yanıyla at belində gedən, uzun əyri qılınclı, oxlu-kamanlı gənc bahadırları görəndə pis fikirlərindən daşınmağa məcbur olurdu. Toğan bəyin fikri Xorasan hakimiylə görüşüb ondan öz nəsli üçün torpaq istəmək, təzədən burada təsərrüfatını qurmaq idi.

O vaxt Qaraqoyunlular Xorasanı da, İranı da, Azərbaycanı da öz hakimiyyətləri altında saxlayırdılar. Xorasanı da onların təyin etdiyi adam idarə edirdi. Xorasan hakimi Toğan bəyi yaxşı qarşıladı. O Xarəzm türkcəsində danışırdı deyən, Toğan onu yaxşı başa düşürdü.

(Ardı var)

VÜQAR DƏMİRBƏYLİ

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR