Qədim Gəncə xanlığının tarixi bayrağı ölkəyə gətirildi

Qədim Gəncə xanlığının tarixi bayrağı ölkəyə gətirildi

Qədim Gəncə xanlığının tarixi bayrağının Rusiyanın Sankt-Peterburq şəhərində bərpa edilmiş nüsxəsi Gəncə şəhərinə gətirilib.

Bayraq “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun sifarişi ilə orijinal bayrağın əsasında hazırlanıb. 101.az-ın məlumatına görə, bu barədə "Cavad Xan" Tarix-Mədəniyyət Fondunun virse-prezidenti Müzadil Həsənov bildirib. Onun sözlərinə görə, 174x127 sm ölçüdə, dördkünc formada ipək parçadan olan Gəncə xanlığının bu bayrağı iki yaşıl və bir moruğu rəngli şaquli zolaqdan ibarətdir. Zolaqlar üzərində qızılı və al-qırmızı rəngdə yazılar yazılmış və naxışlar verilmişdir.

"Bir müddət əvvəl düzəldilməsini sifariş etdiyimiz Gəncə xanlığının tarixi bayrağının bərpa edilmiş nüsxəsi nəhayət gəlib çatdı. Bayrağın yuxarı hissəsində günəş formasında qırmızı dairənin içində qızıl hərflərlə yazılmış "ALLAH" sözü oxunur. Bayrağın orta hissəsində qırmızı naxışların içində bir neçə dəfə qızıl hərflərlə "La İlahə İlləlah, Mühəmmədən Rəsullulah" yazısı toxunub. ‎ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسوُلُ اللَّهِ "Allahdan başqa Allah yoxdur, Mühəmməd Onun Rəsuludur." Bayrağın sağ aşağı hissəsində gözəl xəttatlıq üslubu və qızıl hərflərlə Qurani-Kərimdən ən-Nisa Surəsi, Ayə 95 həkk olunub. Bayrağın üzərində, onun yuxarı hissəsində müasir Gəncənin gerbinə çevrilmiş orijinal aypara simvolunu görə bilərik. Onun altında Azərbaycan bayrağında öz əksini tapmış səkkiz güşəli ulduz simvolu yer alıb. Qoy Allah hər kəsi sevdikləri və dəyərləri ilə məşhur eləsin!" - deyə Müzadil Həsənov qeyd edib.

Daha sonra bildirilib ki, bayrağın üstündə həkk olunan və savaşa, cihada səsləyən bu ayə, Gəncəmizin dillər əzbəri olmuş əyilməzıiyinin və mübarizliyinin daha bir bariz nümunəsi və izahıdır!

Qeyd edilib ki, rusların məruzəsinə əsasən, 3 yanvar 1804-cü il tarixində Gəncə qalasının işğalı zamanı hərbi qənimət kimi 8 bayraq və bir ələmli ştandart ələ keçirilmişdi. Həmin məruzəyə əsasən bayraqların birinin üzərində Səfəvi və sonraki Azərbaycan türk dövlətlərinin simvolu olan "Şir və Günəş" simvolu əks olunub. Bu isə bayrağın xüsusi önəm daşıdığını vurğulayır.



101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR