“Nəsimi ili”nə ən böyük töhfə - Sami Yusufun ifası gündəm yaratdı

“Nəsimi ili”nə ən böyük töhfə - Sami Yusufun ifası gündəm yaratdı

Dünya şöhrətli müğənni Sami Yusufun Nəsiminin "Sığmazam" qəzəli əsasında hazırladığı 7 dəqiqəlik kompozisiya sosial şəbəkələrin gündəminə çevrilib.

Kompozisiya Sami Yusufun Youtube-dakı rəsmi kanalında, Facebook-da isə ilk olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi səhifəsində paylaşılıb və bu gün sosial şəbəkə istifadəçilərinin, xəbər saytlarının əsas xəbərlərindən biri olub.

101.az-ın məlumatına görə, Sami Yusufun özünəməxsus tərzdə ifa etdiyi "Sığmazam” kompozisiyası sentyabrın 9-u axşam saatlarında Komitənin Facebook səhifəsinə yerləşdiriləndən sonrakı qısa müddətdə 1500 nəfərə yaxın izləyici tərəfindən bəyənilib, 900-dən çox istifadəçi onu paylaşıb, onlarla insan şərh yazıb. Videonu "Youtube"dan paylaşanlar arasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mədəniyyət Nazirliyinin, AzTV-nin, “ASAN radio”nun Facebook səhifələri də var.

Hazırda "Youtube"da 200 minə yaxın istifadəçi kompozisiyanı izləyib. Bir çox xəbər agentliyi və saytlar – Modern.az, “Report”, APA və başqaları videonun böyük marağa səbəb olmasını, eləcə də kompozisiyaya qısa müddətdə çox sayda baxış olmasını xəbərə çevirib.

Qeyd edək ki, Azərbaycan əsilli Britaniya müğənnisi və bəstəkarı Sami Yusufun ifasında dahi şair İmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasında ərsəyə gələn kompozisiya Mədəniyyət Nazirliyinin sifarişi ilə Nəsiminin 650 illik yubileyinə həsr olunub.



101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR