Gəncədə II “Fantaziya” mədəni irs festivalı çərçivəsində silsilə tədbirlər keçirilir

Gəncədə II “Fantaziya” mədəni irs festivalı çərçivəsində silsilə tədbirlər keçirilir

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə keçilirən II “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində Gəncədə rəsm və foto-sərgi təşkil olunub. Məhsəti Gəncəvi Mərkəzində baş tutan sərgidə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbər müavini Denis Daniilidis, Niderlandın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Onno Kervers, Moldovanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri George Luka, Tacikistanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Rustam Soli, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin təşəbbüsü ilə keçirilən II “Fantaziya” Mədəni İrs Festivalının bir hissəsi olmaq olduqca sevindirici haldır. Azərbaycan zəngin mədəni irsə sahib olan bir ölkədir. Bu zənginliyin yaşadılması isə olduqca vacibdir. Mədəni irsinin qorunması, həmçinin dünya irsinin mühafizəsinə dəstəyin göstərilməsi dövlət siyasətimizin əsas istiqamətlərindən biridir.

Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbər müavini Denis Daniilidis çıxış edərək, II “Fantaziya” Mədəni İrs Festivalı barədə tədbir işritakçılarına məlumat verib. O bildirib ki, məşhur Bakı hamamının mühafizə olunan binasının şərəfinə adlandırılan “Fantaziya” festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır. Festival çərçivəsində konsertlər, ekskursiyalar, seminarlar, film nümayişləri, sərgilər, müsabiqələr, müzakirələr də daxil olmaqla genişmiqyaslı tədbirlər keçirilir. Belə tədbirlərdən bir neçəsi də qədim və zəngin mədəniyyətə sahib olan Gəncədə keçirilir.
Sonra tamaşaçılara sərgilənən alan rəsm və fotolarla bağlı ətraflı məlumat verilib.

Sərgidə “Qara Bakı, Ağ Bakı” adı altında Niderlandın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Onno Kervers lentə aldığı foroşəkillər, Moldovalı rəssam Vasil Botnarunun rəsm əsərləri, həmçinin Vladimir Çikinin müəllifi olduğu və Tacikistanda lentə alınan “Balet və şəhər” adlı fotolar nümayiş olunub.

Niderlandın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Onno Kervers bildirib ki, lentə aldığı ağ-qara şəkillərdə Bakının qədim və müasir binaları əks olunub. Bu fotolar ararsında Bakı hamamının mühafizə olunan “Fantaziya” binasının da şəkilləri var. Fotoşəkillər qədimliyi qoruyaraq müasirləşə biləcəyimizi nümayiş etdirir.
Moldovanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri George Luka moldovalı rəssam Vasil Botnarunun əsərlərindən söz açıb. O bildirib ki, nümayiş olunan rəsm əsərlərinin özəlliyi onların şərab və qəhvə ilə çəkilməsidir. “Lakin bu rəsmləri unikallığı sadəcə rəssamın istifadə etdiyi texnikada deyil, həm də onun müraciət etdiyi mövzulardadır. Bu əsərlərdə Moldovanın təbiətini, tarixini, mədəniyyətini görmək olur”.

Tacikistanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Rustam Soli isə öz növbəsində “Balet və şəhər” adlı foto-sərgidən söz açıb. O bildirib ki, Vladimir Çikinin müəllifi olduğu fotolar Tacikistanda lentə alınıb. Balerinaların iştirakı ilə ərsəyə gələn şəkillərdə paytaxt Düşənbə və Tacikistanın digər gözəl yerləri əks olunub. Layihənin özəlliyi isə balerinaların geyimlərinin tacik milli ornamentləri ilə bəzədilməsidir.

Daha sonra sərgi iştirakçıları nümayiş olunan rəsm əsərləri və fotolarla tanış olublar.
Qeyd edək ki, II “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində Gəncədə “Aedos” mahnı kollektivinin konserti, “Mədəni irs” barədə müzakirə və “Sunu” Meksika filminin nümayişi olacaq.













101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR