Ötən il büdcə proqnozu 4,5%-dən artıq icra edilib

Ötən il büdcə proqnozu 4,5%-dən artıq icra edilib

2019-cu il üzrə dövlət büdcəsinin gəlirləri 24 199,6 mln manat, xərcləri 24 404,8 mln manat olub.

Bu barədə Azərbaycan Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, 2019-cu il üzrə dövlət büdcəsinin gəlirləri 24 199,6 mln. manat və ya proqnoza qarşı 1031,6 mln. manat çox (4,5% çox) icra olunub. Bu 2018-ci illə müqayisədə 1690,7 mln. manat və ya 7,5% çoxdur.

Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 10595,1 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 1127,4 mln. manat və ya 11,9%, 2018-ci illə müqayisədə isə 1486,7 mln. manat və ya 16,3% çoxdur.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7672,1 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 356,1 mln. manat və ya 4,9%, 2018-ci illə müqayisədə isə 256,6 mln. manat və ya 3,5% çoxdur.

Gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 4408,6 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 706,6 mln. manat və ya 19,1%, 2018-ci illə müqayisədə isə 974,6 mln. manat və ya 28,4% çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 11364,3 mln. manat vəsait transfert edilib.

2019-cu ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 590,1 mln. manat, sair daxilolmalardan 164,5 mln. manat vəsait dövlət büdcəsinə daxil olub.

2019-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 7328,4 mln. manat icra olunub.

Nazirlik büdcə xərcləri ilə də bağlı məlumat verib.

Belə ki, 2019-cu ildə dövlət büdcəsinin xərcləri 96,9% və ya 24404,8 mln. manat icra edilmişdir ki, bu da 2018-ci illə müqayisədə 1673,2 mln. manat və ya 7,4% çoxdur.

2019-cu il ərzində dövlət büdcəsi xərclərinin 13514,4 mln. manatı və ya 55,4%i cari xərclərə, 9366,1 mln. manatı və ya 38,4%i əsaslı xərclərə, 1524,3 mln. manatı və ya 6,2%i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

2019-cu ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 7714,2 mln. manat icra olunub.

Dövlət büdcəsinin kəsirinə gəlincə isə 2019-cu ilin dövlət büdcəsinin kəsiri 205,2 mln. manat təşkil edib ki, bu da proqnozlaşdırılan 2022,0 mln. manat kəsirdən 1816,8 mln. manat və ya 9,9 dəfə azdır.

Kəsirin maliyyələşdirilməsi dövlət istiqraz vərəqələrinin satışından, dövlət əmlakının özəlləşdirməsindən daxil olan vəsait və vahid xəzinə qalığı hesabına həyata keçirilib.

İcmal büdcənin məlumatlarında isə göstərilir ki, 2019-cu ilin icmal büdcəsinin gəlirləri 33818,3 mln. manat olub və bu da proqnoza nisbətən 4583,5 mln. manat və ya 15,7%, 2018-ci illə müqayisədə isə 2893,6 mln. manat və ya 9,4% çoxdur.

2019-cu ilin icmal büdcəsinin xərcləri 26475,6 mln. manat 96,7% təşkil edib.

2019-cu ilin icmal büdcəsində 7342,7 mln. manat büdcə artıqlığı (profisit) yaranmışdır ki, bu da proqnoza (1863,9 mln. manat) nisbətən 5478,8 mln. manat və ya 3,9 dəfə çoxdur.

101.az (“Report”)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR