Bətində ölən mələklər - Vasif Ənvəroğlu

Bətində ölən mələklər - Vasif Ənvəroğlu

Səhərin dan yeri söküləndə Əziz kişi at belində gəlib Arzu həkimin qapısının önündə dayandı. Asardan içəri boylanıb asta səslə həkimi səslədi. Sübh namazından yenicə durmuş Arzu hicabını səliqəyə salıb həyətə çıxdı. Gəlib qapını açdı.

- Əziz qardaş, xeyir ola belə tezdən?
- Bağışla səhərin danında səni narahat edirəm. Vaxtın varsa, gəl bir bizim arvada baş çək.
- Könül bacıya? Nə olub ki?
- Bilmirəm. Səni istəyir. Gəl bir çarə qıl ona.
- Yaxşı, sən asta-asta get, gəlirəm.
Əziz atın yüyənini çəkib, qapıdan aralandı.
- Bura bax, vurub eləməmisən?
- Yox, ay arvad. Kaş elə ...
- Yaxşı, get gəlirəm indi.

Arzu həkim ləvazimatlar sumkasına bir-iki ağrı kəsici iynə atıb evdən çıxdı.
Həyət qapısına bağlanmayan kilidi keçirib Əzizin ardınca tələsdi.

Əziz kişi kəndin sayılan adamlarından idi. Cavanlığı türmədə keçsə də sonradan özünü doğrultmuşdu. Əvvəllər xırmanda növbə rəisi işliyib, sonralar isə birqadir seçilmişdi. Kənd camaatı ona ehtiram göstərir, qəzəbinə tuş gəlməkdən çəkinirdilər. Atasının qətl işini öz boynuna götürüb 7 il qazamatda yatmışdı. Bunu kənd camaatı bir igidlik kimi qiymətləndirir, onu cəsarətli bir oğul kimi çox istəyirdilər.

Əziz kişi həyat yoldaşı Könülü qonşu kənddən qaçırdıb, toysuz - falansız vüsala yetmişdi. Könülün onun üçün oğul doğmadığına görə günü gün deyildi. İki qiz övladını görəndə isə gözlərindən alov qalxırdı.

Arzu həkim Könülün yatdığı yarı işıqlı, yarı qaranlıq otağa keçib uzandığı çarpayının yanında oturdu.

- Bacı, nə olub? Niyə naxoşlamısan? Harandandı şikayətin?
Könül gözlərini Əzizin üzüne zillədi.
-Nədi? Dilini uddun? Dillən də. Mən deyim?
Əzizin zəhmli səsinə Könül biraz da büküldü.
- Arzu bacı... Mən... Biz istəyirik ki...
- Az zalımın balası nə kəkələyirsən? Məni niyə höfsələdən çıxardırsan?
Üzünü Arzu həkimə tutdu. Dişini dişinə qıcasa da özünü ələ ala bildi.
- Ay bacı, ay sənin qadanı alım. Bu itin qızı 3 aylıq hamilədi. Dünən də Fatma qarı rayon xəstəxanasına aparmışdı. Oradakı həkimlər deyib ki, uşaq yenə oğlan deyil! Buna bir çarə qıl. O sumkanda olandan olmazdan vur, rədd elə onu.
Arzu həkim Əzizin sözlərindən şoka düşdü. Könülün əlini ovcunun içinə alıb sıxmağa başladı.
- Siz nə danışırsız? Nəyi rədd eləyim? Bu nə axmaqlıqdı.
- Həkim!
Əzizin sözləri boğazında düyünləndi. Arzu yerindən qalxıb çarpayıdan geri çəkildi.
- Mən bunu eləyə bilmərəm. Bu cinayətdi. Bu günahdı. Mən Allahın qarşısında nə cavab verərəm? Sən də tərslik eləmə, Əziz kişi! Qoy uşaq doğulsun. Nə çoxdur uşaq həsrətində olanlar, verərsiz birinə.
- Həkim, səni bura məsləhət – məşvərətə çağırmamışam. Eləyirsən elə, eləmirsən nə çoxdu başqa kəndlərdə eləyən.
- Əziz kişi, yazıqdı bu gəlinə. 3 ay zarafat deyil. O artıq əlli-ayaqlı uşaqdı. Bu zavallını təhlükəyə atırsan.
- Narahat olma, ölməz.
- Ölə də bilər!
- Əşşi cəhənnəmə ölsün. Hansı ölənimdən artıqdı?
Arzu daha heçnə demədi, qapını çırpıb getdi. Çarəsiz Könül qarnını qucaqlıyıb ağlıyırdı. Əziz otağın içində dala- qabağa gedib gəlir, nəyisə düşünürdü. Əynindəki çuxanın dərin cibindən tənbəki qəlyanı çıxardıb yandırdı.
- Dur hazırlaş, arabanı qoşum gedək.
- Hara gedirik, Əziz?
- Cənnət qarının yanına.
- Mən qorxuram Əziz! Onun nə başı çıxır belə şeylərdən? Öz kəndlisi Ceyranı da o bədbəxt elədi. Qiz qanaxmadan öldü. Sən yenə Arzu bacını dilə tut.
- Allahın işinə bir bax. Hadıx Cənnət hamının işinə yaradı, bir bu kor Mustafanın qızına yaramadı. Dur hazırlaş, dedim.

Əziz həyətə çıxıb atı arabanın yanına çəkdi.

Yayın isti günəşi görünmədən araba kəndin tozlu-torpaqlı yonda sürətlə şütüməyə başladı.

Hava yavaş-yavaş qaralmağa başlayırdı. Könül ağrıdan ilan kimi qıvrılır, qorxusundan səsini də çıxarda bilmirdi. Dişini canına sıxıb dursa da daha dözə bilmədi. Ərinə yalvarıb ondan Arzunu çağırmağını istədi. Arvadının halının pisləşdiyini görən Əziz böyük qızını Arzu həkimin evinə göndərdi. Uşağın çağrışına Arzu həkim özünü Könülə çatdırdı. Həyətdə Əzizlə rastlaşsa da salamsız- kəlamsız evə soxuldu. Qan itkisindən Könülün rəngi ağarmağa başlayırdı.

- Elədiniz hə?
Könüldən səs çıxmadı. Bu vaxt Əziz kişi qapının ağzında göründü. Arzu sualını bu dəfə Əziz kişiyə ünvanladı.

- Elədin hə? A siz nə qədər eşşək adamsız? Niyə başa düşmürsüz ki, olmaz!? İndi bunun başına bir iş gəlsə...

Əziz həkimin sözünü yarıda kəsdi.

- Həkim, bax elə öz yanında, qulağı eşidə-eşidə deyirəm. Bunun başına bir iş gəlsə və sən bu barədə bir adama bircə kəlmə desən səni mənim əlimdən Allah da qurtara bilməz!

Söz Arzunu tok kimi sirkələdi. Gəlib düz Əzizin burnunun dibində dayandı.

-Əziz kişi, beş-üç adam əlini öpüb, balağını yalayır elə bilirsən böyük adamsan hə? Elə indicə bir maşın tapıb Könülü rayona çatdırmasan, onun yiyələrinə də polisə də xəbər verəcəm. Sən hələ deyəsən mənim nələr edə biləcəyimin fərqində deyilsən, bəy!

Əziz bu söz davasında Arzunun səsini batırmaq, xofunu almaq üçün onun zəif nöqtəsindən toxunmağa çalışdı.

- Elə bu cür zəhər tuluğusan deyə 45 ildə yanında bir başı papaqlı yoxdu də.

Bu söz həqiqətən də Arzunun ürəyini titrətdi. Onun tənhalığını üzünə vurmaq heç xoşuna gəlmədi. Amma, cavabı çox gecikmədi. İti addımla gəlib Könülün qabağında dayandı. Canı ilə əlləşən qızın gözlərinə baxdı. Sanki, ondan deyəcəyi sözə görə üzür istəyib, Əzizin yanına qayıtdı. Şəhadət barmağını göyə qaldırıb bütün diqqəti özünə çəkdi.

- Sənin kimi əyyaş, nadürüst papaqlının çörəyini yeyib, qoltuğuna sığınmaqdansa, ...

Dirsəyi ilə onu kənara itələyib qapıdan çıxdı. Əziz gözdən itənə kimi həkimin dalınca baxdı. Qulağında hələ də onun dediklərini eşidirdi. Üzünün qırışları dərinləşdi. Əsəbdən gözlərinə yaş doldu. Hələ indiyə qədər onun qabağında heç kim belə at oynatmamışdı. Xüsusən də başsız bir qadın.

Əziz ayağını sürüyə-sürüyə çarpayıya yaxınlaşdı. Dizlərini yerə qoyub Könülün yanında oturdu. Qar kimi ağarmış əllərini ovcuna alıb oxaladı. Ehmalca alnından öpüb gözlərini bağladı. Gözündən süzülən iki damla yaş yanağında gilələndi. Ayağa qalxıb ağır addımlarla həyətə çıxdı. İllərdi zəncirdə bağlı olan köpəyin xaltasını açıb, iti buraxdı. Atını minib həkimin dalınca getdi. Gəlib Arzunun qapısının önündə dayandı. Arzu həkim həyətindəki çardaqdan asılmış işığın altında dəstəmaz alıb, namaza hazırlaşırdı. Əziz kişi yəhərə bərkidilmiş qundağı qattaqlı tüfəngi çıxardıb əlindəki patronu patrondaşa qoydu. Tüfəngin qundağını bağlayıb, atış vəziyyətinə gətirdi. Heç nişangaha baxmadan tətiyi çəkdi. Əziz ürəyinin başından aldığı güllə yarasına yerdə çapalayan həkimə baxdıqca elə bil əsəbi sakitləşirdi. O bu faciəli mənzərəni axıra kimi izlədi. Arzu canını tapşırdıqdan sonra atının yüyənini çəkib meşəyə tərəf çapmağa başladı.

O gündən sonra bir daha Əziz kişini kənddə görən olmadı.

Vasif Ənvəroğlu
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR