"Bu uşağın ahı tutacaq sizi!" - Ənvəroğlu Vasif: "BƏTİNDƏ ÖLƏN MƏLƏKLƏR 7"

"Bu uşağın ahı tutacaq sizi!" - Ənvəroğlu Vasif: "BƏTİNDƏ ÖLƏN MƏLƏKLƏR 7"

Əvvəli burada

"BƏTİNDƏ ÖLƏN MƏLƏKLƏR 7"

- Doktor salam. Siz bu uşağı görmüsüz? Bunun gözlərinin rənginə baxın.
- Hə görmüşəm. Maşallah mələk kimidir. Adını da gözəl seçiblər, Tuba. Anasından soruşdum ki, adını kim qoyub?
Deyir Tuba "Cənnət gülü" deməkdi.

***
Polisi görəndə qorxudan ürəyim boğazımın altında döyünürdü. Bildim ki, atamı tutublar. Qayıdıb qaçmaq istədim. Amma, içimdən bir səs - "getmə, qal atanı gör, bəlkə, bir daha görüşmədiz" - dedi. İçəri keçmək istəyəndə babam polisin qabağına keçdi. İkimizdə bir anlıq dayandıq. Qorxum daha da çoxaldı.
- Hardan gəlirsən?
- Burdan. Asyagildən.
- Niyə? Demədim evdən çıxma?!
- Bacımı axtarıram.
Babam biraz yumşaldı. Gözlərində bir kövrəklik hiss olundu.
- Elə polis də onu axtarır. Evə baxmağa gəlmişdik.
- Polis bizim üçün axtarır, yoxsa, onlar üçün?
Sözüm elə bil babamı tok kimi sirkələdi. Sanki, yuxudan ayıldı. Gözlərini iri açıb polisə tərəf çevrildi.
- Doğrudan heç ağlıma gəlmir e. Sən Yasəməni bizə görə axtarırsan, ya o zatı qırıqlara görə?
- Ağsaqqal, uşağın axtarışı barədə onlar polisə müraciət ediblər. Siz yox!
Baban ikinci zərbəni aldı. Əsəbindən az qala polisi şapalağın altına salacaqdı. Özünü güclə saxlayırdı. Bəlkə də adam polis olmasaydı çoxdan onu şil-küt eləmişdi.
- Çıx qapıdan. Çıx, get səni bura göndərənə de ki, uşağın yiyələri tapıb uşağı. Boşuna zəhmət çəkməsinlər.
Polis sakitcə aramızdan süyüşüb çıxdı. Heç arxasına baxmadan gözdən itdi. Babam əsəbindən dil dodağını çeyniyir, hərdən də sakit səslə Nuranənin ünvanına söyüşlər yağdırırdı.
- Sən də rədd ol evə. Çıxma çölə-bayıra. Elə etmə ki, hirsimi səndən çıxım.
Tez qapıdan çıxıb evə tərəf qaçmağa başladım. Babam arxamdan səsləndi.
- Tövlənin qapısını aç, heyvanı içəri doldur. Yağış başlayır.
Cavab vermədən təzəcə başlayan yağışın damlaları altında qaçmağa davam elədim.
Evə çatanda küçənin lap sonunda Kamran dayını polislə söhbət edən gördüm. Əl-qolunu ölçə-ölçə nəsə danışırdı. İçimə bir qorxu doldu.
- Bəlkə, Yasəmənin yerini deyir polisə. Ay Allah mən necə edim, Yasəməni ordan necə çıxardım?
Cəld içəri keçdim. Qoyunları tövləyə doldurub, həyətdəki böyük kisələrdən də birini götürüb yollandım Arzunun evinə.
Açarı qoyduğum yerdən götürüb, qapını açdım. Bacım polun üstə yatmışdı. Sakitcə sirkələyib oyatdım.
- Sus. Səs eləmə. Dur tez ol, gedirik evə.
Yasəmən ağrımağını yaddan çıxarıb cəld ayağa qalxdı. Gətirdiyim kisəyə bələnib qapıdan çıxdıq. Qapını bağlayıb açarı yenə əl-üz yuyanın içinə atdım.
- Sən burda gözlə mən yola-izə baxım.
Hasara dırmaşıb ətrafa nəzər yetirdim. Yolda bir inni-cinni yox idi. Yağış da güclənmişdi. Bacıma işarə edib yanıma çağırdım. Köməkli taxta hasardan aşıb evə doğru qaçmağa başladıq. Yağışın səsindən ətrafdan gələn səsi də eşitmirdik. Arxaya baxanda gördüm ki, uzaqdan bir ağ maşın gəlir. Yasəmənin də əlindən tutub özümüzü kolluğa soxdum. Kisələrin altında gizləndik. Maşın bizə yaxınlaşırdı. Birdən səs edər, bilmədən öskürər deyə əlimi bacımın ağzına tutdum. Maşın yaxınlaşanda gördüm ki, sürücü Nuranənin əri, yanında oturan da Kamran dayıdı. Bayaqkı polis də yanlarında idi. Maşın bizi ötüb getdi. Ehtiyatla tikanların arasından çıxıb yola davam elədik. Üst başımız palçıq idi. Bir təhər gəlib babamın evinə çatdıq. Xoşbəxtlikdən babam hələ gəlməmişdi. Əlimizi, ayağımızı yuyub içəri keçdik.
- İndi burda gözlə mən kisələri yerinə qoyum gəlirəm. Üşümürsən?
Bacım başını yellədi. Həyətə çıxanda gördüm ki, babam atın belində hasardan görünür. Cəld içəri qayıtdım.
- Yasəmən, sən hələlik taxtın altında gizlən. Birdən babam əsəbi olar. Bizi qovar. Yaxşı?
- Mən acmışam. Mənə çörək ver elə orda yeyim.
Elə bildim ürəyimə tikan batdı. Bütün bədənim sızıldadı. Qaçıb çörək qabından çörək, soyuducudan pendir, süzmə gətirib stolun üstə qoydum.
- Gəl otur burda ye. Nə günah etmişik ki, gizlənirik!?
Bacım iştahla yeməyə başladı. Yağışın suyunda qanı yuyulsa da bədəninin göyü hələ tam çəkilməmişdi. Qızı evdə qoyub babama kömək üçün həyətə çıxdım. Babam malları öz yerlərinə bağlayıb, axurlarına ot doldururdu.
- Get sərnici gətir bu inəyi sağım.
Süd qabını gətirmək üçün evə qayıtdım. Babam arxamdan yenə səsləndi.
- Bu itə də para əppək gətir.
İtə para çörək, dolabdan da sərnici götürüb çölə çıxdım. Yağışdan qabağı görmək olmurdu. Qabı başıma keçirdib tövləyə qaçdım.
- Gəlib eləyən olmamışdı?
- Yox. Amma, sənə bir xoş xəbərim var.
- Sabah yağış yağacaq pambığa getməyəcəksən?
Dinmədim. Babam balaca bir kötüyün üstə oturub inəyi sağmağa başladı. Buzovun iştahla anasını əmməyinə tamaşa edib fikrə getdim.
"Bir buzov qədər də xoşbəxt ola bilmədik ki, anamız yanımızda olsun. Hasarın bu tərəfində səsimiz gələndə, o tərəfdən səsini eşidək. Başqa danalar bizi vuranda qaçıb axura yox, anamızın altına sığınaq."

Babam ayağa qalxıb sərnici mənə uzatdı.
- Apar evə. Ehtiyatla get, palçıqdı, yıxılarsan.
- Sən gəlmirsən?
- Yox. Əvəz kişini at çaya yıxıb. Deyirlər vəziyyəti yaxşı deyil. Gedim ona baş çəkim, gəlirəm.
- Baba, sənin üçün maraqlı deyil mən nə demək istəyirdim?
Babam cavab vermədi. Ayağını atın üzəngisinə keçirib belinə atlandı. At yerində fırlanmağa başladı.
- Axır vaxtlar o qədər olaylar oldu ki, bilmirəm sən şad xəbər nəyə deyirsən.
Atı qamçılayıb qapıya tərəf sürdü.
- Yasəməni tapmışam.
Babamdan qabaq at qulaqlarını şəklədi. Ayaqlarını cüt qoyub dayandı. Babam tez yüyəni özünə çəkdi.
- Nə dedin?
- Yasəməni tapmışan.
Babam cəld yerə düşdü. Gəlib düz qabağımda dayandı. Yağışdan islanmış üzü işığın altında parıldamağa başladı.
- Sən nə danışırsan? Hardan tapıbsan?
İstəyirdim elə izah edim ki, babamın Kamran dayı haqqında olan pis fikirləri başından çıxarsın. Onun bizə olan yaxşılığı babamın da diqqətində olsun.
- Kamran dayı sözünə əməl etdi.
Babam dərindən bir nəfəs aldı. Sevinci gözlərindən açıq-aydın oxunurdu. Gülümsəyib başını buladı.
- Bilirdim ki, bu onun işidi. Yəqin, o qadın uşağı incitdikcə Kamran vicdan əzabı çəkirmiş. Elə qızı da o qaçırıb. İndi də gətirib ki, guya hardansa tapıb. Sağ olsun.
Babam məni yenə şoka saldı. Elə bil hər şeyi kənardan görürmüş. Yəni bu qədər dəqiq təxmin eləmək olmazdı axı.
- İndi hardadı bəs uşaq?
- Evdə.
Babam atı yaxındakı dirəyə bağladı.
- Getmirsən bəs Əvəzin harayına?
- Əşşi Əvəz ölməklə dünya boşalmaz.
Dal-qabaq özümüzü içəri soxduq. Bacım otaqda yox idi. Əyilib taxtın altına baxdım. Burda da yoxdu. Babam elə bildi ki, onu aldadıram.
- Bax, ayaqqabıları burdadı. Yəqin harasa gizlənib. Yasəmən, hardasansa çıx. Qorxma, babam bizi çox istəyir.
- Sən çaydanı üstə qoy mən gördüm harda olduğunu.
Babamın evin küncünə atdığı köhnə sırıqlısı tərpəndi. Yasəmən üstündəki qış paltarını kənara atıb ayağa qalxdı. Babam onu görəndə heyrətini gizlədə bilmədi. Qızın bədənindəki göy zolaqlar diqqətini cəlb elədi.
- Bu nə gündü a bala. Səni kim bu hala salıb?
Qoca əlini ürəyinin üstə qoyub arxaya 2-3 addım atıb yıxıldı.

***
- Mütləq qorumaq lazımdı. Əsəbləşmək, həyacan keçirtmək, ağır iş görmək olmaz. Verdiyim dərmanları vaxtını keçirtmədən qebul eləsin, düzələcək.
Kamran dayı bacımı Arzugildə tapmayıb bizə gəlmişdi. Vəziyyətdən halı olub, həkim gətirmişdi. Həkimin diaqnozuna görə babam yüngül formada infakt keçirmişdi. Amma, gecə köməyimizə heç kim çatmadığı üçün vəziyyəti ağırlaşmışdı. Həkim gedəndən sonra babam ayağa qalxmaq istədi. Kamran dayı cəld onun qolundan tutub yenə yatağına uzatdı.
- Ağsaqqal, özün eşitdin axı ayağa durmaq olmaz! Heç olmasa 3-4 gün arxası üstə uzan.
- Hanı Yasəmən.?
- Burdadır.
- Burdadır. Yaxın get babam görsün səni.
Bacımı babamın çarpayısına tərəf itələdim. Yasəmən gedib çarpayının ayaq tərəfində dayandı.
- Kamran. Oğul, bu uşağın halı nədi? Bunu bu kökə kim salıb? O başı bağlı ləçər əl boyda çağadan nəyin qisasını alırmış?
İkimizdə heyrətə gəldik. Babam hardan bilmişdi Nuranənin bacımı niyə döydüyünü?
- Vallah bilmirəm nə deyim.
- Nə deyəcəksən ki? Sən elə bilirsən mən o qancığı o başla buraxacam? Yooox! Onu atın quyruğuna bağlayıb... Ay! Aay!
Babam yenə ürəyini tutdu.
- Nə oldu dayı. Sakitləşin, həyəcanlanmayın.
- Baba su gətirim, dərman içirsən?
Babam əlini yellədi.
- Zəhərə qalsın dərmanını, istəmirəm.
Babam dərindən nəfəs alıb-buraxır, sinəsi xəzəl kimi xışıldayırdı.
- Get qardaşına da onun arvadına da deki bu uşağın ahı tutacaq sizi!
Siz ki belə əmək itirən, sizə olunan bu yaxşılığı, Allahı unudansız, mənim daha deyəcək sözüm yoxdu.
- ...
Kamran dayı dillənmədi. Otağa dərin bir sükut çökdü. Təkcə pəncərəyə çırpılan damlaların səsi eşidilirdi. Qonağımız sakitcə ayağa qalxıb, çiyinləri islanmış pencəyini qoltuğuna vurub qapıya tərəf addımladı. Nə mənim nə də Yasəmənin üzünə baxmadı. Qapının ağzına çatanda babam xırıltılı səslə onu çağırdı.
- Kamran, mən o uşağı sənə əmanət eləmişdim. Səni Allah bildiyi kimi yox, mənim istədiyim kimi eləsin! Rədd ol, bir də mənim həndəvərimə fırlanma.
Kamran dayı yenə dinmədi, sakitcə başını aşağı sallayıb otaqdan çıxdı. Həyətin ortasına qədər arxasınca gedib, sonra, islanlayım deyə evə qayıtdım. Babamın burnundan axan qanı görəndə özümü itirdim. Stolun üstündəki əskini babamın üzünə atıb çölə qaçdım. Kamran dayı artıq maşını işə salmışdı. Nə qədər çağırdımsa, eşitmədi. Mən çıxana qədər də sürüb getdi. Belkə, güzgüdən görüb dayanar deyə çağıra-çağıra arxası ilə qaçmağa başladım. Maşın Arzunun evindən sonrakı döngəni dönüb gözdən itdi. Evə qayıdanda babamın ağzından da qan gəlirdi. Gözlərini isə tavana zilləyib, eyni nöqtəyə baxırdı.

***
- Alo. Bəli buyurun. Aha, siz zəhmət olmasa qeydiyyata yaxınlaşın, onlar sizi yönəldəcək.
Hə dostlar mənim xəstəm gəlir getməliyəm.
Özünüzə yaxşı baxın, gəlib arxasını danışacam.

Ənvəroğlu Vasif




(Ardı var).
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR