"ÖZ NAMUSUN KİMİ QORUYA BİLƏCƏKSƏNSƏ, QORU!"-Ənvəroğlu Vasif: "BƏTİNDƏ ÖLƏN MƏLƏKLƏR - 8"

"ÖZ NAMUSUN KİMİ QORUYA BİLƏCƏKSƏNSƏ, QORU!"-Ənvəroğlu Vasif: "BƏTİNDƏ ÖLƏN MƏLƏKLƏR - 8"

Əvvəli burada

Babam öldü. Onun ölümü tək bizi deyil bütün kəndi məyus elədi. Hamı onun xətrini istəyir, hörmətini saxlayırdı. Babam uzun müddət kolxozda briqadir, sonralar anbardar işləmişdi. Onun dəfnində o qədər adam gəlmişdi ki, kəndimizdə ilk dəfəydi bu qədər izdiham olmuşdu. Arabaların ucu-bucağı görünmürdü. Hətta qonşu kəndlərdən də gələnlər çox idi. Kəndin axundu Molla Məşədi dəfnin və məclisin böyükcəliyini öz öhtəsinə götürmüşdü. Bizi qəbirstanlığa qoymasalar da Kamran dayı dedi ki, nənəmin yanında dəfn ediblər. Babam ölən gündən ta 7-sinə qədər yağışın ardı-arası kəsilmədi. Yaşlı qadınlar deyirdilər ki, rəhmətliyin ölümünə yer-göy ağlayır.

***
Günlər bir-birindən əzablı, illər bir-birindən ağır gəlsə də tam 5 ili arxada qoyduq. İndi mənim 14 yaşım, Yasəmənin 9 yaşı var. Babam öləndən sonra bizə böyüklüyü Arzu doktorun türmədən çıxıb gələn qardaşı Cəlil edirdi.
Babamın 40-ı günü Cəlil azadlığa çıxdı. Həmin gecə atam da gəlibmiş. Qapımıza bir məktub buraxıb getmişdi. Düz-əməlli hərif tanımasam da güc-bəla ilə üstünü oxudum ki, məktubu Cəlilə yazıb. Səhər açılan kimi Asyanı yanıma alıb getdim Arzunun evinə. Cəlil həyətdə oturub papiros tüstülədirdi. Bilmirəm nədən idi Cəlilin əlləri titrəyirdi. Yaman pis də öskürürdü. Qorxa-qorxa məktubu ona uzadıb, atamın ona məktub yazdığını dedim. Könülsüz şəkildə məktubu məndən alıb açdı. Üzünü oxusam da içində nə yazıldığını bilmirdim. Cəlil məktubu sürətlə oxuyub özümə qaytardı.
- Get evə. Molla Məşədi gələndə deyərsən Cəlil dedi ki, "itdə də həya olar!"
- Mən ona heçnə demiyəcəm. Onun üzündən zəhər yağır. Qorxuram ondan.
Cəlil əlindəki siqaret kötüyü ilə torpağı eşməyə başladı.
- Aypəri, məni azadlığa şərtlə buraxıblar. Mən təzədən ora qayıtmaq istəmirəm. Dəridən-qabıqdan çıxıb hökümətin cəriməsini ödəməliyəm. Mən elə bilirdim Ağalar dayı sağdı. Ona güvənib gəlmişdim. Amma, sən demə o məndən qabaq gedibmiş.
Keçən dəfə dustaq gördüyüm Cəlillə indi ki Cəlilin arasında yerlə göy qədər fərq vardı. Danışdıqca gözündən yaş süzülürdü. Ağladığını görməyək deyə başını qaldırmadan əli ilə getməyimizə işarə verdi.
Yola çıxan kimi məktubu Asyaya verib oxumağını xahiş elədim. Asya məktubu açıb asta səslə oxumağa başladı.

"Salam Cəlil. Eşitdim azadlığa çıxmısan. Çox sevindim. İnanıram ki, daha o zəhərdən içib buraxdığın səhvləri təkrar eləməzsən. Yəqin ki, eşitdin Ağalar kişi də Haqq dünyasına qovuşdu. Mən sənin düşmənin olsam da, sən mənim ən etibarlı adamımsan. Evlərimiz də, adımıza olan torpaqlar da, qızlarım da sənə əmanət.
Öz namusun kimi qoruya biləcəksənsə, qoru!
Molla Məşədiyə də çatdır ki, məni vadar eləməsin Məscidi onun başına uçurdum. Gedib öz örüşündə otlasın."

O gün, bu gün Cəlil bizim bütün çətin günlərimizin həmdəmi oldu. Molla Məşədiyə nə dedi, necə dedi bilmirəm, elə həmin gecə babamın mallarını da, atını da gətirib tövləyə bağladılar. Cəlil bizi Sovetliyə aparıb babamın vərəsəsi kimi mənim adımı, atamın vərəsəsi kimi Yasəmənin adını yazdırıb, paylarımızı böldü. Hərdən öz evimizdə qalsaq da, daha çox onun yanında, yəni, Arzu həkimin evində yaşıyırdıq. Bizə məktəbə getməyə, dərslərimizi yaxşı oxumağa həm kömək edirdi, həm də məcbur. Boş vaxtlarda dərs kitablarından əlavə Arzu həkimin tibbə aid olan kitablarını da oxuyurdum. Məktəbli formalarımızı və dərs vəsaitlərimizi isə hər il Kamran dayı alıb gətirirdi.

***
Bu günlərdə Cəlil anamgilin kəndindən olan bir qadını evə gətirdi. Dolu sumkalarla gələn qadın deyəsən bu evdə yaşacaqdı. Bəli, belə də oldu. Sən demə Cəlil toysuz-falansız evlənirmiş. Qarlı bir qış günü Cəlil qonşuları toplayıb evdə süfrə açdı. Molla Məşədini dəvət edib kəbin kəsdirdi.
Cəlilin başı qarısına qarışan ərəfədə Kamran dayı bizi tək buraxmadı. Arada atam da gecələr gəlib bizim üçün ərzaq gətirirdi. Biz onu görməsək də nəzərini üstümüzdə hiss edirdik. Niyə bizimlə görüşmürdü, onu anlamıram. Hərdən deyirdim, bəlkə, utanır üzümüzə baxmağa. Amma, yadıma düşəndə ki, onun bizi görməyə gözü yox idi ...
Artıq Cəlilin arvadı gəldiyi 1 il olmuşdu. Yaxınlarda ana olacaqdı. Evdə əlini ağdan qaraya vurmağa qoymurdum. Ev işini də, çöl işini də özümüz görürdük. Cəlil üçün oğlan doğacaqdı deyə əli-ayağı yerə dəymirdi. Cəlil də onun başına pərvanə kimi fırlanırdı. Amma, Haqq üçün deyim ki, bizi də gözünün üstə saxlıyırdı Cəlil. Hərdən bunun üstə narazılıqları da olurdu. Başı batmış məni Cəlilə qısqanırdı. Heç yadımdan çıxmaz fevralın 21-i gecəsi idi. Qarda o qədər yağmışdı ki, yol iz tamam tutulmuşdu. Gördüm ki, otaqdan səs gəlir. Düzü əvvəl elə bildim qızın sancısı tutub. Biraz qapıya yaxınlaşan da eşitdim ki, söhbət bizdən gedir.
- O yetimçəni boynuna az mindir! Onlar yaxşı zibil olsa, dədələri gəlib sahib çıxardı.
- Allahın olsun. Onlar bir parça uşaqdı. Mənim Aypəriylə nə işim?
Adımı eşidən də ayağımın altından yer qaçdı.
- Cəlil mən kor deyiləm, görürəm hər şeyi.
- Məni dəli eləmə. Sən evimin içində belə deyirsənsə, gör çöldəkilər nə deyir.
- Elə çöldəkilər də mən deyəni deyir. Deyirlər Əziz Arzunu qanına qaltan elədi, amma, Cəlil onun qızını gətirib başının altına qoyub. Demək, bir umacağı var da!
Əllərimi qulağıma tutub çölə qaçdım. Qar elə tökürdü ki, adamın gözünü açmağa qoymurdu. Getdikcə dava da qızışırdı.
- Qələt edir onu deyən. Əzizi hökümət axtarır. Tapıb cəzasını verəcək. Bu qızların nə günahı var ki, mən onun acığını bunlardan çıxım?
- Yooox. Çıxma, bağrına bas. Gözümün qabağında oynaşın.
İçəridən şillə səsi gəldi. Diyəsən Cəlil arvadını vurdu. Qızın səsi kəsdi.
- Sən nə danışırsan? Mən onları öz balam, öz bacım, öz namusum kimi qoruyuram. Başından böyük qələt eləmə.
- Sən o yetimçənin üstə məni vurdun.
- Bunu başqası desəydi onu gəbərdərdim. Sən Əzizi tanımırsan. O heç kimin səhvini bağışlamır. Mən ona, onun namusuna qarşı səhv eləsəm bizi bir gecəyə yox eləyər. Mənim ətimi kəsib, sənə yedirdər. Bil ki, edər! Ağlını başına yığ. O uşaqlar onsuz da zülüm çəkirlər. Onsuz da onların ürəyi yaralıdı. Birdə biz yaralamıyaq onları.
Astaca qapıdan çıxıb, evimizə tərəf getdim. Qarda yerimək çətin olsa da yolu yarı elədim. Arxadan gələn səsə sürətimi artırdım. Çox getmədən ayağım boşluğa düşüb yıxıldım. Qarın altındakı buz əlimi kəsdi. Ayağa qalxanda gördüm dizim də qanayır. Heç neyə məhəl qoymayıb yoluma davam elədim.
- Aypəri. Aypəri, dayan görüm, hara gedirsən.
Cəlil çatırıb qolumdan yapışdı. Əlimin qanını görüb özünü itirdi.
- Bu nədir? Sən eşitmirsən məni? Hara gedirsən, gecə vaxtı?
- Bizim qalmağa 1 deyil, 2 evimiz var. Yasəmən yatmışdı deyə oyadıb qorxutmadım. Amma, sabahdan sənin evinə ayağımızda dəyməyəcək.
- Allahu Əkbər! Dəlilərin əlində qaldım də. Ay qız, sən onun sözünə niyə məhəl qoyursan? Görmürsən ağlı işləmir?
- Cəlil, sən məcbur deyilsən ki, dava-şava ilə bizi evində saxlayasan. 3 il saxladın, qayğımıza qaldın sağ ol. İndi öz başımızı saxlayarıq.
Cəlil qolumu buraxdı. Yanıma düşüb evə qədər gəldi. İçəri keçib çırağı yandırdı.
Otaqlar buz kimi idi. Həyətdəki quru odunlardan gətirib ocağı qaladı. Bu müddət ərzində bir kəlmə də danışmadıq. Hərdən dodağının altında nəsə deyinirdi, ancaq, anlamaq olmurdu. Qapını içəridən bağlayıb üst geyimini çıxartdı.
- Sən xeyir ola?
- Yanında qalacam.
- Mən qorxmuram.
- Qorxmadığını bilirəm. Aypəri, mən uşaqlığımdan Ağalar kişinin, Əzizin çörəyini yemişəm. İndi onların əmanətinə sahib çıxa bilmirəmsə niyə yaşıyıram? Arzuya görə Əzizi harada görsəm öldürəcəm. Amma, onun hesabını sizdən çıxmaq kişilikdən olmaz.
Daha heç nə demədim. Elə parlı-paltarlı yerimə uzanıb yatmağa çalışdım. Cəlil də sobanın qabağında dirsəklənib bir papiros yandırdı. Nə vaxt yuxuya getdiyi bilmədin. Gözümü açanda gördüm ki, Cəlilin həyətdə kiminləsə səsi gəlir. Cəld yerimdən qalxıb qapıya qaçdım. Cəlilin arvadı yerdə qanın içində çapalıyırdı. Elə bildim Cəlil vurub. Yaxınlaşanda məlum oldu ki, qadın uşağını itirib. Məndən əvvəl nə baş vermişdisə, Cəlilin də üz-gözü qan idi. Yəqin ki, arvadı ilə dava etmişdi. O da ya itələyib, ya da vurub yıxmışdı. Cəlil məni görən kimi qıza yaxınlaşıb, yerdən qaldırdı.
- Gəl kömək elə bunu evə aparaq.
Mən də sakitcə yaxınlaşıb qoluna girdim. Hər tərəf, qızın üstü-başı da al qan idi. Qızın qucağında əskiyə bükülü uşaq diyəsən ölü doğulmuşdu. Evə daxil olub yatağa uzatdıq. Cəlil peçin üstəki suyu gətirib arvadının üz-gözünü yumağa başladı. Səssizcə qapıya yaxınlaşıb cəkmələrimi geyindim. Qapıdan çıxanda Cəlil arxamca dilləndi.
- Bunu bu halda qoyub gedirsən?
- ...
- Yaxşı gedirsən get. Ancaq, bu barədə Əzizə heç nə demə.
Otaqdan çıxdım. Əzizi görsəydim deyiləsi o qədər sözüm-sualım var idi ki ...
Həyətə düşüb yola sarı tələsdim. Burnuma atamın qəlyanının iyi gəldi. Tez yola qaçdim. Bir atlı meşə yoluna tərəf çapmağa başladı. Bu atam idi. Atının izi ilə atamı çağıra-çağıra meşəyə tərəf qaçdım.

***
Tamam yadımdan çıxmışdı, axı, bu gün qonşumuzun xınayaxdısıdı. Gedim hazırlaşım.
Hələ salona da getməliyəm.
Özünüzə yaxşı baxın. Gəlib ardını danışacam.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR