Trampın ABŞ-da sığınacaq verilməsi qaydalarını sərtləşdirməsinə imkan verilməyib

Trampın ABŞ-da sığınacaq verilməsi qaydalarını sərtləşdirməsinə imkan verilməyib

Kaliforniyanın federal hakimi Ceyms Donato ABŞ Prezidenti Donald Trampın administrasiyasının ölkədə immiqrasiyaya dair yeni qaydalar tətbiq etmək cəhdinin qarşısını alıb.

101.az xəbər verir ki, həmin qaydanın tətbiq olunmasına imkan verilsəydi, bu halda ABŞ-da sığınacaq verilməsi sistemi dəyişər, immiqrantların sığınacaq almaq hüququ məhdudlaşdırılardı. Bu qadağa Tramp administrasiyasının ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden yanvarın 20-də öz vəzifəsinin icrasına başlayana qədər sərt immiqrasiya siyasətini möhkəmlətmək səylərini heçə endirir.

Kaliforniyanın şimal dairəsindən olan hakim Ceyms Donato immiqrantların müdafiəsi qrupunun can atdığı qadağa hökmünü çıxarıb. Tramp administrasiyası dekabrın 11-də dərc etdiyi bu qayda bazar ertəsi, yanvarın 11-də qüvvəyə minməli idi. Ekspertlərin və hüquq müdafiəçilərinin sözlərinə görə, həmin qayda ABŞ-Meksika sərhədinə gələn miqrantların əksəriyyəti üçün sığınacaq almaq meyarlarını dəyişməklə onları bu imkandan məhrum edərdi. Bu qaydaya əsasən, sığınacaq məsələlərinə dair hakimlərə və əməkdaşlara tapşırılırdı ki, bir sıra məsələlərlə bağlı, o cümlədən bəzi istisnalarla evdə zorakılıq və qrup halında zorakılıq hallarında sığınacaq verilməsindən imtina edilsin.

101.az (AZƏRTAC)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR