“Avro-2020” Bakıda – Azarkeşsiz futbol olmaz!

“Avro-2020” Bakıda – Azarkeşsiz futbol olmaz!

UEFA koronavirus pandemiyasına görə ötən il təxirə salınan “Avro-2020”nin oyunlarını bu il keçirməkdə israrlıdır. Açılış iyunun 11-də Romada, final isə iyulun 11-də Londonda keçirilməlidir.

Yarışın bu il baş tutacağına şübhə olmasa da, açıq qalan əsas sual budur: azarkeşlər stadionlara buraxılacaqmı?

UEFA, eləcə də AFFA da daxil olmaqla yarışı qəbul edəcək 11 ölkənin milli federasiyası COVİD-19 pandemiyasına baxmayaraq, oyunların tamaşaçıların iştirakı ilə keçirilməsində maraqlıdır. Bu məsələ ilə əlaqədar qitənin ali futbol qurumu yanvar ayında dörd variant təklif edib:

1. Tribunalar tam dolmalı
2. 50-100 faiz arasında dolmalı
3. 20-30 faiz arasında dolmalı
4. Oyunlar azarkeşsiz keçirilməli

Təşkilatçı 12 şəhər (Bakı da həmçinin) UEFA ilə birgə 2-3 ssenari hazırlamalıdır. Aprel ayında yarışın necə və hansı şəhərlərdə keçiriləcəyi ilə bağlı UEFA-nın yekun qərarı açıqlanmalıdır. Hazırda Qlazqo, Dublin və Bilbao koronavirus pandemiyasına görə fanatlarla bağlı plan hazırlamayıb. Ona görə də həmin 3 şəhərdən ev sahibliyinin alınaraq digər şəhərlərə, yaxud digər ökələrə verilməsi riski var. Azərbaycanı isə belə bir problem gözləmir. AFFA rəhbərliyi bunadək bir neçə dəfə Bakının oyunları qəbul etməyə hazır olduğunu ifadə edib.


Elxan Məmmədov
Qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov yanvarda keçirdiyi son mətbuat konfransında deyib ki, turnirin təşkil olunacağı 12 şəhərin vəziyyəti tam fərqlidir. Onun fikrincə, hər şəhərə uyğun standart tətbiq olunacaq. E.Məmmədov Bakının Avropa çempionatının oyunlarına ev sahibliyi etməsi baxımından imkanlarını da dəyərləndirib: "Bəzi Qərb ölkələrində sərt karantin rejimi tətbiq olunur. Bizdə isə müəyyən məhdudiyyətlər yumşaldılıb. Ümid edirəm ki, bundan sonra sərtləşmə olmayacaq. Amma heç kim buna zəmanət verə bilməz. Həftədə bir dəfə ümumi vəziyyəti müzakirə edirik. İnanmıram ki, UEFA formatı dəyişəcək. Təbii ki, kiminsə imtina etməsi istisna deyil. Stadionların 100 faiz azarkeşlərə qayıdışı sual altındadır. Müxtəlif ssenarilər var".

Elə bu arada bir neçə böyük fanat qrupu Azərbaycan Azarkeşlər Birliyi adından Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib.

“Virusa yoluxan şəxslərin statistikasında azalmanı və ölkə boyu vaksinləmə prosesinin başlamasını nəzərə alaraq, azarkeşlərin oyunlarda iştirakını limitli şəkildə belə olsa, bərpa edilməli olduğunu düşünürük. Yaxın beş il ərzində oyunların statistikasına baxdıqda orta hesabla hər turda keçirilən oyunlarda iştirak edən azarkeş sayının 500 nəfər olduğunu görmək olar. Stadionların azarkeş tutumunun 20 faizini təşkil etməklə həyata keçirilə bilər” - deyə müraciətdə qeyd olunur.

Təbii ki, arenalara azarkeşlərin buraxılması Operativ Qərargahın razılığı ilə olmalıdır. Azarkeşlərin stadionlara buraxılıb-buraxılmaması apreldə UEFA-nın Avro-2020-lə bağlı yekun qərarında (Bakı ilə bağlı hissəsində də) önəmli rol oynaya bilər. Bu baxımdan, azarkeş qruplarımızın müraciətinə müsbət yanaşılması bir tərəfdən fanatların karantin qaydalarını gözləməklə yenidən stadiona axınını təmin edə, digər tərəfdən UEFA-nın bizim lehimizə qərar verməsinə zəmin yarada bilər.

Etiraf etmək lazımdır ki, “Avro-2020”nin 4 oyununun, bundan əvvəl isə Avroliqanın finalının Bakıya verilməsi ölkəmizin imici baxımdan önəmli addımdır və AFFA-nın azsaylı müsbət uğurlarından sayılmalıdır. Amma bu da faktdır ki, istər daxili çempionat, istərsə də Avro-2020-nin oyunlarına azarkeşlərin buraxılması federasiyanın səlahiyyətində deyil. Ona görə də Azərbaycan hökuməti “Avro-2020” ilə bağlı qəti mövqeyini tezliklə bildirməlidir. Necə ki, bunu artıq Böyük Britaniya hökuməti edib. Krallıqda koronavirusa yoluxma və ölüm sayı bizdən dəfələrlə çox olsa da, hökumət artıq mayın 17-dən azarkeşlərin stadionlara buraxılacağını elan edib (tribunaların 25 faizi həcmində. Bu, ən azı 10 min nəfərədək azarkeş deməkdir). Hətta baş nazir Boris Conson ölkəsinin “Avro-2020”nin bütün matçlarını azarkeşlərin iştirakı ilə qəbul etməyə hazır olduğunu bildirib. Bununla bağlı UEFA-ya da müraciət edilib. Cavab isə mənfidir.

Bəli, vaxt getdikcə daralır və Operativ Qərargah tezliklə həm yerli, həm əcnəbi fanatları məmnun edəcək qərar verməlidir. Bu halda biz Avro-2020 zamanı tribunalarda tam olmasa da, UEFA-nın müəyyənləşdirdiyi faiz həcmində azarkeş görə bilərik. Tribunaların boşluğu fonunda isə belə bir böyük futbol bayramı çox quru və sönük keçər. Bu isə ölkə və dövlət kimi indiyədək “Avro-2020” ilə bağlı görülən işlərin hədər getməsi olar.

101.az (qol az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR