Azərbaycanda tikinti sahəsində  islahatlar sürətlə aparılır

Azərbaycanda tikinti sahəsində islahatlar sürətlə aparılır

Azərbaycanda tikinti sahəsində aparılan dinamik islahatlar bu sahəni də sahibkarlar üçün kifayət qədər əlverişli edibdir. Hazırda respublikada tikinti prosedurlarının sayı “Doing Business” hesabatına görə, 21-dən 10-dək endirilib ki, bu da sahibkarlar üçün geniş imkanlar açır.
101.az xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı məlumat verib.
İİTKM-nin icraçı direktoru vurğulayıb ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən Azərbaycanda tikintiyə icazələr üzrə sahibkarlara "Bir pəncərə" prinsipi ilə xidmət göstərilir. Eyni zamanda, onlayn müraciət imkanları yaradılıb. Bütün bunlar sahibkarlara daha az vaxt sərf etmək, daha az resursdan istifadə etməklə, sadə prosedurlardan keçməklə tikinti işlərinə başlamağa şərait yaradır.
Qeyd olunub ki, tikintinin həm layihələndirilməsi, həm dövlət qeydiyyatına alınması, həm də kodun təqdim edilməsi indi çox asanlaşdırılıb. Bu tədbirlər Prezident İlham Əliyevin apardığı islahatlar çərçivəsində həyata keçirilir. Sözügedən istiqamətdə qanunvericilikdə edilmiş dəyişikliklər həm də sahibkarlar üçün biznes mühitinin daha da yaxşılaşdırılmasına zəmin yaradır.
V.Qasımlı, həmçinin nəzərə çatdırıb ki, Azərbaycan son 1 il ərzində “Doing Business” islahatlarını ən sürətlə həyata keçirən ölkələrdən biridir. “Bu ilin oktyabr ayında “Doing Business” qiymətləndirilməsi açıqlanarkən, Azərbaycanı yenə də ən islahatçı ölkələr sırasında görəcəyik. Azərbaycanda “Doing Business”in bütün 10 indikatoru üzrə islahatlar aparılıb”, - deyə icraçı direktor vurğulayıb.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR