Səhər-səhər əhaliyə ŞAD XƏBƏR - Neft ucuzlaşacaq, manat isə...

Səhər-səhər əhaliyə ŞAD XƏBƏR - Neft ucuzlaşacaq, manat isə...

“Güman edirəm ki, uçot dərəcəsinin 1,75-dən 2 faizə qalxması fonunda ABŞ dolları əmtəə, dəyər olaraq daha çox qazanacaq. ABŞ valyutası az da olsa fond birjalarında bahalaşacaq”.

Bu sözləri 101.az-a açıqlamasında Federal Rezerv Sisteminin (FED) uçot dərəcəsini 1,75-dən 2 faizə qaldırmasına münasibət bildirərkən iqtisadçı, sabiq millət vəkili Nazim Bəydəmirli deyib:

“Əslində FED-in uçot dərəcəsini artıracağı bir neçə ay bundan qabaq təxmin edilirdi. Hətta FED özü açıqlamalarında bu barədə məlumat verirdi. Ancaq həmin qərarın ciddi fəsadlar törədəcəyini də düşünmürəm. ABŞ-ın qlobal bazarda oynadığı rol bir daha sübut edir ki, bu ölkə dünyada istehsal edilən ümumdaxili məhsulun dörddə birinə sahibdir. Bu isə o deməkdir ki, dollar bahalaşırsa, deməli dünya miqyasında da həmin valyutanın digər valyutalarla müqayisədə bahalaşması müşahidə ediləcək”.

N.Bəydəmirli düşünür ki, Azərbaycan kimi ölkələrə FED-in həmin qərarının elə də təsiri yoxdur: “Azərbaycanın ixrac potensialı əsasən neft və neft məhsullarından ibarətdir ki, onun da mütləq əksəriyyəti dollarla satılır. Bu da ölkəmizə daxil olan valyutanın artımına gətirib çıxarır.

FED-in qərarı ilə neftin qiyməti indiki səviyyədə qalsa, manat da dollara nisbətdə ucuzlaşmamalı, əksinə bahalaşmalıdır. Əslində, manatın inzibati yolla sabit saxlanılmasını təqdir etmirəm. Manat bahalaşırsa, bunun ölkəmizə xeyri var. Çünki hələ də idxaldan asılı ölkəyik, istehlak mallarının əhəmiyyətli hissəsi xaricdən gəlir. Devalvasiya nəticəsində isə Azərbaycan Qafqaz dövlətləri arasında dollar ekvivalentində minimum və orta əmək əmək haqqına görə sonuncu yerə düşüb. Ona görə hesab edirəm ki, Azərbaycan hökuməti daha çox iqtisadi stimullaşdırma yönündə addımlar atmalı, sahibkar və vətəndaşın daha çox qazanc əldə etməsinə şərait yaratmalıdır. Bahalaşan neft qiymətindən sevinərək bu və ya digər formada büdcəyə dəyişiklik etmək, xərcləri artırmağa yönəlmək lüzumsuzdur. Düzdür, dövlətin iqtisadiyyata dolayısı ilə, investisiya yolu ilə dəstəyi mövcuddur. Ancaq ona hhəddindən çox meyl etmək iqtisadi böhran zamanı ciddi fəsadlar yaradır. Əvvəlki illərin təcrübəsi də məhz bunu göstərdi. Bu səbəbdən hökumətə tövsiyyə edirəm ki, sahibkarlığa həqiqi mənada diqqət artırsın, məmur sahibkarlığı ləğv olunsun”.

Həmsöhbətimizin fikrincə, FED-in bu qərarı neftin qiymətini cüzi də olsa ucuzlaşdıracaq:
“Amma uçot dərəcəsinin artımı əslində kreditlərin bahalaşması, ABŞ-ın dollarla başqa ölkələrə verdiyi pul yardımlarının yüksəlməsi deməkdir. Həmçinin, bu addım ABŞ-da yeni iş yerlərinin artımına gətirib çıxara bilər”.

Qeyd edək ki, ABŞ Federal Rezerv Sistemi (FED) uçot dərəcəsini artırmaqla bağlı növbəti qərar verib. Həmin qərara görə uçot dərəcəsi 1,75 faizdən 2 faizədək yüksəlib. Bundan əvvəl fevral ayında da FED uçot dərəcəsini artıran qərara imza atmışdı.

101.az (Yenicag.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR