Bakıda qadını aldadıb evinə basqın edən quldur dəstəyə ağır cəza verildi

Bakıda qadını aldadıb evinə basqın edən quldur dəstəyə ağır cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda quldurluq etməkdə təqsirli bilinən Firudin İsmayılov, Dilbər Hacıyeva, Kənan Müzəffərli və Kamran Abdulovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

101.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri doqquz il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, paytaxtın Nizami rayonu ərazisində yerləşən evlərdən birində qadına qarşı quldurluq edilib.

Zərərçəkən şəxs Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə müraciət edərək bildirib ki, 26 aprel 2021-ci ildə yaşadığı mənzildə tək olan zaman bir nəfər qadın mənzilin qapısını döyərək qonşu olduğunu və onlara Ramazan ayı münasibəti ilə sovqat gətirdiyini qeyd edib.

Ev sahibi qapını açandan dərhal sonra pusquda dayanan iki nəfər naməlum şəxs mənzilə daxil olub.

Həmin şəxslər zərərçəkənin burun nahiyəsinə yumruqla zərbə endirərək əllərində olan bıçaqla həyat sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib pul və qızıl-zinət əşyaları tələb ediblər.

Qadın evdə pul olmadığını bildirəndən sonra isə həmin şəxslər evdən dəyəri 1 000 manat olan qızl-zinət əşyaları götürərək hadisə yerindən qaçıblar.

Məlumat daxil olan kimi Nizami rayon Polis İdarəsinin və 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Evin yerləşdiyi ünvanda zəruri əməliyyat-istintaq hərəkətləri icra edilib. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən şəxlərdən ikisi - Abşeron rayonunda yaşayan Kənan Müzəffərli və Dilbər Hacıyeva saxlanılıblar.

Daha sonra cinayətin digər iki iştirakçısı da müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri hadisə yerinə Kənan Müzəffərlinin avtomobili ilə gəliblər. O, yolda müşahidə kameralarından yayınmaq üçün idarə etdiyi avtomobilin 90-PZ-465 dövlət qeydiyyat nişanındakı “P” hərfini xüsusi vasitələrlə “R” ilə əvəzləyib.

Dilbər Hacıyeva isə ilkin ifadəsində hadisədən əvvəl həm ev sahibini qapını açmağa inandırmaq, həm də ki, kameralardan yayınmaq üçün baş örtüyündən istifadə etdiyini bildirib.

Dəstə üzvlərinin qeyd edilən mənzilin yerləşdiyi binaya daxil olmaları və hadisə yerindən yayınmaları orada olan kameralar vasitəsi ilə də lentə alınıb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq) maddəsi ilə ittiham elan edilib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR