Pambıqçıların zəhərlənməsi bu məhsulun istehsalına marağı azalda bilər

Pambıqçıların zəhərlənməsi bu məhsulun istehsalına marağı azalda bilər

Bir sıra rayonlarda pambıq sahələrində zəhərlənmə halları bəzi məqamları daha da aktuallaşdırdı. Əvvəlla, pambıq sahələrində niyə zəhərli gübrələrdən istifadə edilməsinin, həmin dərmanların ölkəyə necə idxal olunmasının və ən əsası, bunu kimlərin etdiyinin araşdırılmasına ehtiyac var. Bu, sadəcə, hüquqi məsələ deyil, belə hallar gələcəkdə ənənəvi aqrar məhsulların istehsalına marağı azalda bilər. Digər tərəfdən, aqrar sektorda intensiv metodlardan istifadə edilməsi vacibdir.

101.az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Ekspertin fikrincə, ümumiyyətlə, kənd təsərrüfatında yeni texnologiyalar tətbiq edilməlidir: "Hazırda dünyanın, demək olar, heç bir ölkəsində pambıqçılıqda əl əməyindən istifadə edilmir. Ən azı ona görə ki, bu halda pambığın maya dəyəri daha yüksək olur və bazarda rəqabət aparmaq imkanları məhdudlaşır. Bizdə də pambıq yığımının texnolojiləşməsinə ehtiyac var. Bu baxımdan, ümid edirik ki, Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi dəfələrlə gündəmə gətirdiyimiz innovativ istehsal strategiyası, elektron ixrac xəritəsi kimi müasir yanaşmalardan istifadə edəcək. Ən əsası, aqrar lizinq xidmətlərində şəffaflığın gücləndirilməsinə ehtiyac var ki, fermerlərin texnikaya çıxış imkanları genişlənsin. Güman edirik ki, son faktlar kənd təsərrüfatında idarəetmənin tamamilə yenilənməsi üçün də bir əsas olacaq".

Xatırladaq ki, iyun ayında ardıcıl olaraq Saatlı, Tərtər, İmişli, Yevlax rayonlarda onlarla insanın pambıq tarlalarında zəhərlənməsi faktı qeydə alınıb. Hadisələrlə bağlı prokurorluqda cinayət işləri başlanıb, araşdırmalar aparılır.

Hələlik nə Kənd Təsərrüaftı Nazirliyi, nə də Səhiyyə Nazirliyi tərəfindən pambıqçıların zəhərlənməsinin səbəbləri barədə dəqiq açıqlama verilməyib. Lakin məlumdur ki, hadisələrdən sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən azad edilib. Onun yerinə Ələddin Eyvazov təyin olunub.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR