Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri - Xocalı soyqırımı

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri - Xocalı soyqırımı

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür.
Bugűn hər bir Azərbaycan vətəndaşının qarşısında duran əsas vəzifə Ermənistanın Azərbaycana qarşı təcavűzkar siyasətini,ermənilərin xalqımıza qarşı törətdikləri genosidi,műsibətləri ictimaiyyətinə çatdırmaqdır.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə güclü artilleriya bombalamasından sonra Ermənistan silahlı qüvvələri və yarım-hərbi birləşmələr, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə şəhəri ələ keçirmək üçün hərəkətə keçdilər.

Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Lakin onların ümidləri boşa çıxdı. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Yalnız çox az sayda əhali Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildilər.

28 fevral tarixində tərkibində jurnalistlər də olan qrup iki helikopterlə azərbaycanlıların qətlə yetirildiyi yerə çata bildilər. Mənzərə hamını dəhşətə gətirdi – sahə cəsədlərlə dolu idi. Helikopterin vəzifəsi dağlıq zonada enmək və əhalinin kütləvi qətlə yetirildiyi yerlərdən cəsədləri toplamaq idi. İkinci helikopterin havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq dörd meyiti götürmək mümkün oldu. 1 mart tarixində yerli və xarici jurnalistlərdən ibarət qrup hadisə yerində olduqda onların müşahidə etdiyi vəziyyət daha da dəhşətli olmuşdur: meyitlərə xəsarətlər yetirilmiş və skalpları götürülmüşdür.

Əhalinin qətlə yetirildiyi məkana səfər edənlərdən biri olan jurnalist Çingiz Mustafayevin sözlərində deyildiyi kimi, ölənlər arasında “2 yaşla 15 yaş arası onlarla uşaq, qadın, yaşlı var idi, çoxuna isə alnının tən ortasına yaxın məsafədən atəş açılmışdı. Cəsədlərin vəziyyəti onu göstərirdi ki, insanların çoxu soyuqqanlılıqla, qəsdən öldürülüb, heç bir mübarizə, yaxud qaçmağa çalışırcasına əlamət yox idi. Bəzilərini kənara çəkib tək başına güllələmişdilər; bəzi hallarda isə bütün ailənin birdən güllələndiyi görünürdü. Bəzi cəsədlərdə bir neçə yara izi var idi ki, bunlardan biri həmişə başda olurdu bu da yaralının öldürüldüyünü sübut edirdi. Uşaqların qulaqlarını kəsmişdilər; orta yaşlı qadının üzünün sol tərəfinin dərisi, kişilərin isə başlarının dərisi soyulmuşdu. Üstü-başı qarət edildiyi açıq-aşkar görünən cəsədlər var idi”.

Azərbaycana qarşı qanunsuz güc tətbiq edilməsinə və onun ərazilərinin işğalına cavab olaraq 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələrdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Azərbaycanda kütləvi şəkildə mülki əhalinin məcburi köçkün halına düşməsi, mülki əhaliyə qarşı hücumlar və Azərbaycanda əhalinin yaşadığı yerlərin bombalanması halları da daxil olmaqla beynəlxalq humanitar hüququn pozulmasını xüsusi olaraq qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.
Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.

Xocalıya ədalət!
Xocalı qurbanlarının qanı yerdə qalmadı!
Xocalı soyqırımı-humanizmə qəsd!
#justiceforKhojaly

Səbinə Əhmədova
Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsinin rəisi


101.az


Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR