İnsanlara xidmət və qayğı dövlət qulluqçusunun əsas vəzifəsidir

İnsanlara xidmət və qayğı dövlət qulluqçusunun əsas vəzifəsidir

Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.
Dövlət qulluqçularının hazırlıq səviyyəsinin və iş keyfiyyətlərinin yüksək olması çox vacibdir. Yalnız yüksək peşəkarlıqla, dərin biliklə, kreativ düşüncə tərzi ilə, ən başlıcası vətənə, xalqa, dövlətə sədaqət hissi ilə bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək mümkündür. Dövlət qulluqçularının müsbət imici xalqın dövlətə münasibətinin formalaşmasında mühüm rol oynayır. Onun müsbət imici isə gördüyü işin nəticəsindən, peşəkarlığından, öz vəzifə borcuna münasibətindən asılıdır.

Ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılmış, dövlət qulluğu sahəsində islahatlar həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu öndərimizin təşəbbüsü və müəllifliyi ilə hazırlanan Konstitusiyamız müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazası rolunu oynamış, 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Ümummilli liderin dövlət qulluğu siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 5 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.

Ölkə başçısının imzası ilə mühüm dövlət proqramları təsdiq olunmuş, dövlət qulluğu sahəsində mütərəqqi normativ hüquqi baza formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmi yaradılmış, dövlət qulluğu sahəsində münasibətlərin tənzimlənməsi daim nəzərdə saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi bunun bariz ifadəsidir.
Dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq, öz vəzifə və səlahiyyətlərini qanunvericiliyə uyğun qurmaq, gördüyü işi ilə vətəndaşın dövlətə və dövlət qulluğuna inam və güvəncini artırmaq, davranışı və əməlləri ilə yetişən nəslə örnək olmaq mənəvi cəhətdən insanı zənginləşdirir. Hər bir dövlət qulluqçusunun uğuru ümumilikdə dövlətimizin uğurudur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "...Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir".

Həmid Nəsirov,
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, 1-ci dərəcə dövlət qulluqçusu

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR