Möhtəşəm zəfərin təntənəsi

Möhtəşəm zəfərin təntənəsi

XXI əsrin müharibəsi kimi dünya hərb salnamələrinə qızıl hərflərlə yazılan şanlı Azərbaycan Ordusunun 44 günlük müharibəsi həm də xalqımızın haqq mübarizəsinə qalxaraq Zəfər çaldığı Vətən müharibəsi kimi tarix səhifələrinə əbədi həkk olundu. 30 ildən çox idi ki, davam edən münaqişəyə cəmi 44 gün ərzində son qoyan bu savaş həm xalqımızın böyük tarixinin, həm də gələcək rifahının təməlinin qoyulduğu müqəddəs hadisə oldu. Milli kimliyimizin, varlığımızın, ən əsası isə həqiqətin aynası olan bu qürurlu günlərimiz parlaq gələcəyimizin də üzərində bərqərar olan zəngin tarixi səltənətdir.

Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.

“Dəmir yumruq” əməliyyatı nəticəsində arxasında dünyanın böyük gücləri dayanan, müxtəlif lobbi təşkilatları tərəfindən maliyyələşdirilən, sıralarına peşəkar və yüksək hazırlıqlı xarici muzdlu döyüşçüləri cəlb edən işğalçı bir ordu əzildi, darmadağın edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi fikirlər həm də dünya ictimaiyyətinə ünvanlanmışdı: "Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!". Xalq bu müqəddəs savaşın qələbə ilə nəticələnəcəyinə əmin idi: bu əminlik ordunun silahlanmasına ən müasir döyüş texnikalarının, uçuş aparatlarının daxil edilməsinin, ordunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının, yüksək vətənpərvərliyinin, dövlətə, dövlətçiliyə sədaqətinin əminliyi idi.
Ordu hissələrimiz döyüşə-döyüşə qələbələr qazanırdı. Oktyabrın 3-də Suqovuşan düşməndən azad edildi. Bu qələbə ordunun döyüş əzmini, qələbə ruhunu daha da kükrətdi. Düşmən ilk böyük məğlubiyyətə uğradıldı. Xalq bu qələbəni Böyük Qələbənin başlanğıcı bildi. Döyüşçülərimiz Cəbrayıl istiqamətində düşməni müdafiənin dərinliyinə sıxışdırırdı. Oktyabrın 4-də Cəbrayıl rayon mərkəzi işğaldan azad edildi. Xalq bu qələbəni də böyük coşqu ilə qarşıladı.

Zəfərin qürur zirvəsi sayılan Şuşanın azadlığa qovuşması üçün Azərbaycan Ordusunun çətinliklərə necə sinə gərmələri, sıldırım qayaları bir həmlədə aşaraq düşməni yalın əllə məhv etmələri, onları doğma şəhərimizdən qovmaları qürurverici tariximizin əsl qəhrəmanlıq səhifələridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şuşanın alınması günündə və əslində Vətən müharibəsində qələbəmizin təmin edildiyi vaxtda Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını və abidəsini dərin ehtiramla ziyarət etməsi qırx dörd günlük müharibə dövrünün ən təsirli və unudulmaz tarixi hadisələrindən biridir. Bu ibrətamiz hadisə ilə Prezident İlham Əliyev 30 il davam etmiş Dağlıq Qarabağ münaqişəsinin həllində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və vəsiyyət etdiyi tarixi bir missiyanın uğurla başa çatdırılmasının şərəfli bir hesabatını vermişdir.

Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş 8 noyabr Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qalib ölkə kimi birlikdə keçirdiyi Zəfər paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir. Bu, "Bir millət - iki dövlət” strategiyasının real təntənəsidir. Böyük Zəfər Günü - gələcək daha böyük zəfərlərin bələdçisi və təminatçısıdır.


Prof.A.M.Bayramov
ADAU-nun İctimai elmlər və multikulturalizm
kafedrasının müdiri
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR