Geniş coğrafiyanı əhatə edən Türk dünyası bir ailədir

Geniş coğrafiyanı əhatə edən Türk dünyası bir ailədir

Azərbaycan türk dünyasının parçası kimi türkdilli ölkələr arasında əlaqələrin dərinləşməsində və inkişafında hər zaman fəal iştirak edib. Azərbaycanın bu platformada həmişə nüfuz sahibi olub. Bu gün Türk dünyası əməkdaşlıqda yeni mərhələyə qədəm qoyur. Bir birinin ardınca keçirilən görüşlər, möhtəşəm Sammit və qurultaylar bu əlaqələrin inkişafından xəbər verir. Prezident İlham Əliyev Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən zirvə görüşündə “Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır.” fikirləri səsləndirmiş və bəyan etmişdi ki, "türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənməlidir. Çünki bu, bizim tarixi köklərimiz olmaqla yanaşı, həm də bugünkü vəziyyətin reallıqlarıdır". Azərbaycan Prezidentinin bu yanaşmasının nə qədər dəqiq və uzaqgörən olduğu bu gün bir daha təsdiqini tapdı.

Fikrimizcə, Azərbaycan Prezidentinin Səmərqənddən anti-Azərbaycan və anti-türk təxəyyüllü bədxahlarımıza göndərdiyi xəbərdarlıq məzmunlu ismarıclar artıq öz ünvanına çatıb. Prezident İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bildirdi ki, “Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik. Çünki bu ənənələr qorunmalı və gələcək nəsillərə milli özünüdərk ruhunda aşılanmalıdır.

Bu gün biz türkdilli ölkələrin dünya miqyasında böyük gücə çevrilməsinin şahidiyik. İki gün əvvəl Prezident İlham Əliyev Səmərqənd zirvəsində bir daha bəyan etdi ki, 200 milyondan çox insanın yaşadığı geniş coğrafiyanı əhatə edən Türk dünyası bir ailədir. 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra bölgənin inkişafında yeni başlayıb. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə başda Türkiyə olmaqla, Özbəkistan və Qazaxıstan da töhfə verir. Prezident İlham Əliyev Səmərqənd zirvəsində digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət etdi. Yekun bəyanatda da TDT-ya üzv ölkələr Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazırlıqlarını bir daha təsdiq edirlər. Bu prosesə töhfə türk dövlətlərinin bütövlükdə Cənubi Qafqaz regionunun inkişafına, dayanıqlı sülh və təhlükəsizliyə töhfəsi deməkdir. Azərbaycan həm də sərhədlərimizdən kənarda yaşayan soydaşlarımızın problemlərinin Türk Dövlətləri Təşkilatının gündəliyinə gətirərək kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələlərin artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatdığını göstərdi. Səmərqənd zirvəsində də dövlətlər Türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti, ənənələri və dəyərlərinə əsaslanan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək əzmində olduqlarını bir daha vurğuladılar.

Eyni zamanda Cənab Prezident müharibə nəticəsində viran qalmış şəhər rayon və kəndlərimiz haqqında geniş məlumat verərək erməni vəhşiliklərini, barabarlığını bir daha diqqətə çatdırmışdı. O, bildirdi ki, Ermənistanı müdafiə edən qüvvələr dönüb Qarabağın bugünkü aqibətinə baxsınlar və qiymət versinlər. Eyni zamanda Prezident bildirdi ki, problem böyük olsa da, biz meydanda tək deyilik. Dövlət başçımız Səmərqənddə: "Mən işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən inşa olunacaq yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm. Bunlar Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürüdür.Ümidvarıq ki, biz hələ bu qardaşlığın çox böyük təzahürlərini görəcəyik".

Prezident İlham Əliyevin səsləndirdiyi bütün fikirlərdə ədalət də var, haqq da, həqiqət də. O həqiqət ki, həmişə kimlərisə, hansısa qüvvələri çox narahat edir. O haqq ki, onu xatırlayanların köksünə, könlünə qəhrəmanlıq hissləri kimi ülvi duyğular qazandırır. Ən əsası isə artıq bugün ali ideya və prinsiplərin gerçəkləşməsi üçün zəmin olan Türk Dövlətləri Təşkilatının adını böyük sevinclə və qürurla çəkirik. O təşkilat ki, Azərbaycan orada cənab İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti ilə təmsil olunur. Ölkəmiz bu platformanın səfərbəredici missiya daşıyan mənbəyidir. İdeyaları, arzuları reallığa çevirəcək böyük mərkəzin hərəkətverici qüvvəsi və söz sahibidir Vətənimiz Azərbaycan!

Prof. Azad Mustafa oğlu Bayramov İctimai Fənlər kafedrasının müdiri
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR