Türkiyə “yurdda sülh, cahanda sülh” prinsipinə xidmət edir

Türkiyə “yurdda sülh, cahanda sülh” prinsipinə xidmət edir

Bahadur Hüseynov,

YAP fəalı, Beynəlxalq Münasibətlər üzrə magistr

Türkiyə Respublikasının Prezidenti R.T. Ərdoğan, 2019-cu il, 4 sentyabr tarixində Sivasda Orta Anadolu İqtisadi Forumunda çıxışı zamanı “inkişaf etmiş dövlətlər arasında nüvə başlıqlı raketi olmayan dövlət yoxdur…Birilərinin əlində nüvə başlıqlı raketlər var, amma, mənim olmasın! Qəbul etmirəm” mesajı ilə, gələcək adına önəmli bir nöqtəyə diqqət çəkdi: nüvə gücünə. Türkiyə Müdafiə Sənayesi Nazirliyi son dönəmlərdəki nailiyyətləri ilə, müasir beynəlxalq münasibətlərə və xüsusilə də, müharibə strategiyalarına öz damğasını vurmuş oldu. 2022-ci ildə “Aviasiya, Kosmik və Texnologiya“ festivalı olan Teknofest ilk dəfə olaraq Türkiyə sərhədlərindən kənarda, Azərbaycanda keçirildi və həm Azərbaycan, həm də Türkiyə xalqının ortaq texnoloji sıçrayışının təqdimatı, kənar qüvvələrə qarşı dərin xəbərdarlıq mahiyyəti daşıyırdı.

Bəs, Türkiyə özünün zəruri müdafiə ehtiyaclarını hansı səviyyədə qarşılaya bilir?

Barak Obama dönəmindən etibarən Türkiyənin ABŞ-dan Patriot sistemlərini ala bilməməsi və S-400 macərası, müdafiə ehtiyacları ilə bağlı NATO çərçivəsində dərin fikir ayrılıqları yaşadığını göstərməkdədir. Bu məqamda belə bir sual ortaya çıxır ki, dünyanın açıq-aşkar şəkildə nüvə silahlanma yarışına girdiyii bir dövrdə, Türkiyənin hücum yox, müdafiə yönümlü addımlar atmağa və yerləşdiyi regionun tələblərinə müvafiq olaraq, hava məkanı təhlükəsizliyini təmin etməyə çalışması kimlərin quyruğunun tapdalanmasına səbəb olur?

2011-ci ildə Suriyada mitinqlərin mərhələli şəkildə əvvəlcə vətəndaş müharibəsi, ardınca isə xarici dövlətlərin dünya müharibəsi poliqonuna çevrilməsi, İraqda və Suriyadakı qeyri-stabillik, həmçinin sərhədlərindəki terror yuvalanmaları kimi amillər Türkiyə üçün güclü müdafiə mexanizmlərini şərtləndirir ki, bu konteksdə hava hücumundan əsaslı müdafiə ilkin tələbdir. Regionda sülhün qorunması və təhlükəsizliyin hərtərəfli təmin edilməsi Türkiyə Cumhuriyyətinin milli maraqları daxilindədir. Bu məqsəd isə onun “yurdda sülh, cahanda sülh” prinsipinə xidmət etməkdədir.

İstənilən dövlət, beynəlxalq münasibətlərdəki varlığına təhdid yarada biləcək bütün zərərvericilərə qarşı fərqli konteksdə mübarizə aparır. Hətta, bu mənada müharibə belə istisna edilmir. Çünki, müharibə siyasətin başqa üsullarla davamıdır (Klauzewitz). Məsələn, Pakistanı, nüvə dövləti olmasına sürükləyən amil Hindistanın xüsusilə, Kəşmir siyasətindəki aqressivliyi(1965 müharibəsi və sonrası) və nüvə dövləti olmaq yolundakı davamlı fəaliyyəti idi. Eyni zamanda, ikinci Qarabağ müharibəsinin baş verməsinin səbəbi olan Ermənistanın beynəlxalq hüquqi tələblərdən və üzərinə düşən öhdəliklərdən tamamilə boyun qaçırması, hətta açıq şəkildə imtina etməsi də bu çərçivədə dəyərləndirilə bilər. Alternativlik, beynəlxalq münasibətlərin təbiətinə xasdır, bir yol hər zaman tapılır, çünki dinamiklik eyni zamanda dəyişimi də bərabərində gətirməkdədir.

Buna əsasən, NATO-nun bir tərəfdən Rusiyaya qarşı sərt divar rolunu oynayarkən, digər yandan daxildə kritik fikir ayrılıqlarına düşməsi, bir çox siyasi fiqur tərəfindən alternativ yollar axtarışını ön plana çıxarır. Rusiyaya qarşı aparmaqda olduğu aktiv rolu nəzərə alındıqda isə demək mümkündür ki, NATO təkcə hərbi yox, həm də olduqca güclü siyasi platformdur. Xəritə üzərindən baxıldığı zaman müşahidə etmək mümkündür ki, Türkiyə NATO-ya həyati regionlara çıxış imkanı təqdim edir: Şərqi Aralıq hövzəsi, yaxın və orta Şərq, Balkanlar, Cənubi Qafqaz, Qara dəniz hövzəsi kimi geostrateji regionlar arasında kəsişmə nöqtəsi rolunu oynayan Türkiyənin NATO üçün alternativi yoxdur. Amma, perspektivdə NATO hazırki bir çox iddiaya uyğun olaraq Türkiyəsiz davam etdiyi təqdirdə, Türkiyənin içində yer aldığı alternativ ittifaqla qarşı-qarşıya qala bilər. NATO hər nə qədər güclənsə və xəritə üzərində vizual zənginləşməyə məruz qalsa belə, təşkilatın quruluş məqsədini və ilk genişləmənin tərkib hissəsi olaraq Türkiyənin niyə ittifaqda yer almasının vacibliyini unutmaq olmaz.

NATO üçün İsveç və Finlandiya üzvlüyü hər nə qədər önəmlidirsə, eyni qaydada Türkiyənin İsveç və Finlandiyadan tələbləri Türkiyə üçün perspektiv təhlükəsizlik tədbirləridir. Çünki, istər qonşu, istərsə də regiondan kənar bir çox müttəfiq tərəfindən kifayət qədər problemlə qarşı-qarşıya qoyulan Türkiyə Cumhuriyyətinin İsveç və Finlandiyadan tələbləri, beynəlxalq terrorizmə qarşı mübarizədə on illərdir tək buraxılmışlığının və görməzdən gəlinmişliyinin olduqca haqlı və ədalətli tələbidir. Buna paralel olaraq, Stokholmda Türkiyə səfirliyi qarşısında müqəddəs kitabın yandırılması və Rasmus Paludanın mənəvi zoraklılığının söz azadlığı konteksində dəyərləndirilməsi, münasibətləri daha da gərginləşdirdi. Bəs NATO üçün həqiqətən İsveç-Finlandiya və Türkiyə geostrateji mövqe və hərbi konfiqurasiya cəhətdən müqayisə oluna bilər mi?

Yüz illərdir xarici siyasətində qapalı dənizlərə enmə siyasətini güdən rus siyasi düşüncəsində həm Baltik, həm də Türkiyəni əhatə edən dənizlərin hər birinin əhəmiyyəti var. İsveç və Finlandiyanın üzvlüyü məsələsində mühüm olan təbii ki, Finlandiyadır. Rusiya ilə 1300 km-dən uzun sərhəd zolağına sahib olan Finlandiya ilə müqayisədə, İsveçin Rusiya ilə sərhəd təması yoxdur və xəritə üzərindən baxıldıqda açıq-aydın görmək mümkündür ki, İsveçin təhlükəsizliyinin təmin edilməsi üçün, əslində sadəcə Finlandiyanın NATO üzvlüyü kifayət etməkdədir. Buna qarşılıq, Finlandiya daha pozitiv siyasət güdərkən, İsveçin daxili auditoriyasındakı nifrət nitqlərinə ən yaxşı halda səssiz qalması, İsveçlə birlikdə Finlandiyanın üzvlüyünü də sual altında qoyur. İsveç və Finlandiyanın NATO üzvlüyü gerçəkləşərsə, Baltik dənizi tamamilə NATO gölünə çevriləcək. Həmçinin, Finlandiyaya yaxın Murmansk kimi strateji əhəmiyyətə sahib olan liman şəhərin bir addımlığında NATO cəbhəsinin açılması və Rusiyanın Finlandiya ilə sərhədində 1300 km-dən artıq yeni NATO cəbhəsinin açılması Rusiya üçün heç də pozitiv mahiyyət daşımır. Amma, bütün detalların hərtərəfli analizi Türkiyənin NATO-ya tamamilə fərqli mahiyyət qatdığını göstərir. Rusiyanın Ukrayna müharibəsinin başlamasından bugünə kimi Türkiyə, taxıl problemi, əsir mübadiləsi məsələləri də daxil olmaqla tərəflər arasında uzlaşdırıcı və kankret nəticəyə istiqamətlənmiş addımlar ata bilir. Çünki, Türkiyə Rusiyaya təsir imkanlarına sahib olan yeganə NATO üzvüdür. Rusiya üçün digər üzvlərin hər biri NATO-nun xarici-siyasi təfəkkürünə fokuslanmış dövlətlər olsa da, Türkiyə sadəcə özünün milli-siyasi prioritetlərini balanslaşdıran və həyata keçirən bir NATO dövlətidir. Çünki, Türkiyə 1964-cü il tarixli “Conson məktubu” təcrübəsindən qaynaqlı şəkildə, NATO-nun kollektiv təhlükəsizlik anlayışının heç də Türkiyənin milli maraqlarının və təhlükəsizliyinin təminatı mənasına gəlmədiyini başa düşməkdədir və zamanında Türkiyə hökümətinin L.Consona yazmış olduğu məktubda deyildiyi kimi, “yeni bir dünya qurular və Türkiyə o dünyada öz yerini tutar”.

ABŞ-ın sabiq Milli Təhlükəsizlik MüşaviriCon Bolton (D.Tramp dönəmində), Türkiyənin olmadığı yeni bir ittifaq yaradılması ideyasını təklif edərək, qərbdə mövcud olan Türkiyəsiz davam etmə düşüncəsinə dəstəyini göstərdi. Qurulacaq istənilən ittifaqda Türkiyənin yer almamasının həm Türkiyə, həm də ittifaq üçün bir çox çətinliyi olacaq olsa da, qərbin qarşılaşacaqlarının yanında Türkiyənin problemləri daha çox müvəqqəti xarakter daşıyacaqdır. Türkiyə baxımından, NATO müttəfiqlərinin Türkiyə əleyhinə faktiki addımlar atmağına mane olan əsas amil məhz elə NATO müttəfiqliyidir. Müttəfiqlər baxımından isə, üzvlərarası münasibətlərdə siyasi tıxanıqlıq yaşandığı zaman, böhranın müttəfiqlərdən hərhansı birinin “qrupdan atılması” vasitəsilə həllinin seçiləcəyi təcrübəsinin varlığı, gələcək üçün heç də sağlam birliyin təməlini atmayacaqdır. Əksinə, NATO bu tıxanıqlığı həll edərək, müttəfiqlər arasında uzlaşma və qarşılıq hörmət prinsipləri əsasında mövcudkommunikativ problemləri həll edə bildiyi təqdirdə, sadəcə hərbi mənada deyil, eyni zamanda tarixində olmadığı qədər güclü siyasi birlik nümunəsi ortaya qoyacaqdır. Türkiyənin olmadığı yeni NATO, NATO-nun siyasi rəqibləri üçün gözə alına bilməyəcək qədər önəmli avantaj deməkdir. Hazırkı məqamda yəni, Rusiya-Ukrayna müharibəsinin gedişində belə bir nizam dəyişikliyi, qərbin mövcud birliyini sadəcə deformasiyaya məruz qoyacaq. Çünki, şimalda cəbhə qazanmağa çalışarkən, şərq və cənub qanadında belə bir itki NATO və ABŞ üçün gözə alınmazdır.

Türkiyə daxili auditoriyasında NATO-ya dair şübhə və qayğıların önəmli səbəblərindən biri 5-ci maddə və terrorizmdir. Çünki, NATO hətta üzv olmayan Əfqanıstan, Liviya kimi ölkələrdəki hədəflərə qarşı açıq hərbi müdaxiləyə yaşıl işıq yandırarkən, Türkiyənin on illərdir fərqli terror təşkilatları ilə mübarizəsində təklənməsi, NATO-nun üzvlərin təhlükəsizliyinə öncəlik verən ittifaq xarakterinə dair əsaslı şübhələr yaradır. 1974-cü ildə Kipr sülh hərəkatının ardından ABŞ Türkiyəyə qarşı sanksiyalar qəbul edərək, Kipr adasındakı türk əhalinin təhlükəsizlik tələblərini görməzlikdən gəldi və açıq-aşkar ikili standart nümayiş etdirmiş oldu. Bənzər situasiya bugün özünü, Türkiyənin F-35 layihəsindən kənarlaşdırılması və F-16 satışı məsələsində də göstərməkdədir. ABŞ senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Bob Menendezin Türkiyədə siyasi dəyişiklik baş vermədiyi təqdirdə F-16 satışına icazə verməyəcəyinə dair radikal fikirləri, ABŞ-ın müttəfiq dövlətin təhlükəsizliyini diqqətə almayaraq, NATO daxili öhdəliklərin kankret milli maraqlara uyğun və hətta kankret fərdlərə yönəlik dəyişiklik göstərə biləcəyinin nümunəsidir.

Bu mənada, NATO Baş Katibi J.Stoltenberqin Türkiyə haqqında “terrordan ən çox əziyyət çəkən müttəfiqimiz” ifadəsini işlətməsi gecikmiş etiraf olaraq dəyərləndirilə bilər. Çünki, NATO üzv ölkələrin yerləşdiyi regionlardan kənarda hərbi əməliyyatlar keçirə bilərkən, Türkiyənin öz sərhədlərində terror yuvalarına qarşı bariyer siyasəti müttəfiqlər tərəfindən kəskin tənqid edilir. Halbuki, bənzər təhlükəsizlik əməliyyatları NATO çərçivəsində həyata keçirilməli və Türkiyə sərhədlərindəki terror qruplaşmaları beynəlxalq kontingent tərəfindən zərərsizləşdirilməli idi. Türkiyəni bu əməliyyatlara vadar edən səbəblərlə təkbətək buraxıb, həm də nəticələrilə üzləşmək üçün əsassız fəaliyyətlərin təşkili, təbikii müstəqil xarici siyasət həyata keçirən Türkiyə Cumhuriyyəti üçün qəbuledilməzdir və NATO daxili böhranın əsas səbəbi məhz bu səbəb-nəticə əlaqəsidir. Çünki, Türkiyənin NATO-daxili kursda İsveç-Finlandiyaya veto qoymasının səbəbi, bu zamana kimi qarşılaşdığı çətinliklərin nəticəsidir və tələbidir.

NATO-nun ittifaq daxilindəki Rusiya kimi davrandığı Türkiyəni terrorizmə qarşı mübarizədə yalnız buraxması, əlavə olaraq müdafiə ehtiyaclarını təmininə yönəlik addımlarını sanki qlobal təhlükəsizliyə təhdid kimi xarakterizə etməsi, F-35 layihəsindən kənarlaşdırma, Yunanıstanın aqressiv ritorikasının dəstəklənməsi, F-16 modernizasiyası prosesində bir-birindən fərqli maneələrin törədilməsi Türkiyəni, özünün zəruri ehtiyaclarını milli vasitələr hesabına qarşılama zərurəti ilə qarşı-qarşıya qoyur. Türkiyə Müdafiə Sənayesi Nazirliyinin son dönəmlərdəki yüksək texnoloji nailiyyətlərinin əsas səbəbi də məhz budur.

Nəticə olaraq qeyd etmək lazımdır ki, Türkiyə müstəqil xarici siyasət yeridən hüquq subyekti olaraq, geostrateji və geosiyasi boşluğu doldurula bilinməyəcək qədər önəmli NATO müttəfiqidir. Son illərdə NATO gündəliyində yer alan önəmli mövzulardan biri üzv dövlətlərin ittifaqa olan qatqısıdır və bu konteksdə Türkiyə ittifaqın ikinci ən böyük ordusuna sahib olmaqla, həm ərazisində yerləşmiş olan NATO bazaları, həm də NATO-ya ümumi qatqısına görə ittifaq üçün həyatiönəmə sahibdir.

Beynəlxalq münasibətlər daim dəyişir və xüsusilə hazırki beynəlxalq konfiqurasiyanın olduqca böyük dəyişikliklərə ehtiyacı var. Yeni nizamda Türkiyənin NATO-da yerini qoruyub-saxlaya biləcəyinə dair kankret fikir söyləmək çətin olsa da, hazırki mənzərə üçün həm NATO-nun, həm də Türkiyənin birlikdə davam etməyə ehtiyacı var. Türkiyə baxımından Yunanıstan ritorikası və Avropa İttifaqı yolundakı çətinliklər, həmçinin regional təhlükəsizlik qayğısının artması bunu deməyə əsas verir. Çünki, NATO müttəfiqliyi Türkiyəyə bəzi önəmli anlarda dəstək qazandırmasa da, ən azından əleyhdarların artmasına və faktiki addımlara mane olmaqdadır. Türkiyənin hazırda NATO daxilində yaşamaqda olduğu çətinliklər, ittifaqdan ziyadə ABŞ, Fransa, Yunanıstan kimi müttəfiqlərlə ikili münasibətlər səviyyəsindəki problemlərdən qaynaqlanır. İsveç və Finlandiyanın üzvlüyü üçün irəli sürülmüş olan tələblər isə bu mənada, gələcəkdə ikili münasibətlərə dair narazılıqların ittifaq daxilindəki çoxtərəfli əlaqələrə təsir etməməsi və öncədən həll edilməsi zərurətidir. NATO ilə müqayisədə Rusiya və ya Çinlə alternativ ittifaq isə, perspektivdə həlli daha çətin, hətta mümkünsüz problemlərlə müşayiət olunacaqdır. Çünki siyasi və ya iqtisadi məsələlərlə müqayisədə, sosial-etnik problemlər dövlətlər üçün daha ciddi milli təhlükəsizlik qayğısı mənasına gəlməkdədir.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR