
HEYDƏR ƏLIYEV- MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN QURUCUSU VƏ YARADICISI
Milli müstəqillik bəşər tarixi boyu xalqların, millətlərin ən çox arzusunda olduqları siyasi, hüquqi və mənəvi tələbatları arasında əsas nemət olub. Çünki müstəqil olmayan bir xalq və millət daima var ola bilməz. Milli müstəqilliyini əldən vermiş millətlər zaman-zaman başqa xalqların və millətlərin içində assimilyasiyaya uğrayaraq tarixində arxivlərində qalırlar. Hər xalqın, millətin milli və dövlət müstəqilliyinin əldə edilməsində mühüm tarixi missiyaya malik olan dahi şəxsiyyətləri var. Öz xalqlarına milli müstəqillik nemətini daddıra bilən həmin dahilər heç zaman unudulmur. Tarixi təcrübə göstərir ki, dövlətin, cəmiyyətin və insanlığın inkişafını müəyyən edən əsas faktorlardan biri də lider fenomenidir. Məhz böyük şəxsiyyətlər özlərinin fəaliyyəti, irəli sürdüyü ideyalar və qəbul etdiyi qərarlarla nəinki öz dövlətlərinin tarixinə, bütövlükdə dünyada gedən ictimai-siyasi proseslərə təsir göstərmək imkanına malik olurlar. Belə tarixi simalar öz əməlləri və ideyaları ilə xalqların həyatında o qədər dərin iz qoyurlar ki, millətin və dövlətin tərəqqisinin həmin dövrü birbaşa onların adları ilə bağlı olur.
Dünya və bəşər tarixində Azərbaycan adlı coğrafi məkanın milli müstəqil dövlət institutu halına gətirilməsi, milli müstəqilliyimizin 70 ildən sonra yenidən bərpası dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevə nəsib oldu. Bəli, bu gün birmənalı şəkildə demək olar ki, Heydər Əliyev bəşəriyyət tarixində mənsub olduğu xalqa və millətə milli dövlət müstəqilliyini yenidən qazandıra bilən xilaskarlıq fenomenidir. Azərbaycanın milli dövlət müstəqilliyinin yenidən bərpa olunması missiyasının Heydər Əliyev fenomeninə qismət olması əslində heç də təsadüfü deyildi. Çünki məhz ulu öndərin anadan olduğu illər artıq Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olduqdan sonra süquta uğradığı zamanlar idi. Heydər Əliyev hələ 1940-cı illərdən başlayaraq Sovet Azərbaycanın dövlət təhlükəsizlik orqanlarında çalışmağa başladığı zamanlarda özünün iti zəkası, güclü məntiqi, tarixi hadisələri düzgün analiz və təhlil etməsi nəticəsində başa düşürdü ki, zor gücü ilə, xalqları və millətləri istismar etməklə, repressiya maşınından keçirtməklə qurulmuş sovet rejiminin çox yaşaması mümkün olmayacaq. Ulu öndər həqiqətən də dərk edirdi ki, Sovet Azərbaycanı müstəqil Azərbaycan dövlətini sarsıdılmaqla qurulmuş bir dövlət idi. Çünki Heydər Əliyev hələ o zamanlar, gənc yaşlarından dövlət təhlükəsizlik orqanlarında çalışmağa başladığı illərdə artıq bunu hiss etməyə başlamışdı. Sovet rejiminin kölə, qul halında saxladığı respublikalarda, Azərbaycanda milli-intellektual ziyalı elitasının 1930-cu illərdə güllələnərək, uzaq Sibirə sürgün edilərək repressiyalara məruz qaldığını Heydər Əliyev öz gözləri ilə görürdü. Ulu öndər dərk edirdi ki, repressiyalara məruz qalan, sürgün edilərək güllələnənlər Azərbaycanın müstəqillik ideyalarının carçıları, bu məmləkətin istiqlala çıxmasını ürəkdən arzulayan Hüseyn Cavidlər, Mikayıl Müşfiqlər, Abbas Mirzələr, Əhməd Cavadlar, idilər.
Ulu öndər artıq 1950-60-cı illərdə Təhlükəsizlik Komitəsində (DTK) vəzifə pillələrində qalxdıqca anladı ki, məhz təhlükəsizlik orqanlarında milli azərbaycanlı kadr zabitlərin, əməkdaşların sayı artırılmalıdır. Çünki 30-cu illər repressiyalarında milli müstəqillik, azadlıq, istiqlaliyyət ideyalarının daşıyıcıları olan milli ziyalı elitasını məhz bu orqanlarda çalışan ermənilər məhv etmişdilər. Gələcəkdə yeni milli azadlıq və müstəqillik ideya daşlarını KQB zindanlarından qorumaq üçün təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların sayı artırıldı. Bir əsrdə dəfələrlə Azərbaycanlılara qarşı ermənilərin soyqırım törətməsi faktını Heydər Əliyev dərindən dərk edirdi. Elə buna görə də Ulu öndər böyük uzaqgörənlik nümayiş etdirərək gələcəkdə özünün quracağı milli müstəqil dövlətin onurğası hesab olunan ordunun, silahlı qüvvələrin kadr bazasının əsasını sovet dövründə qoydu. 1971-ci ildə ümummilli lider Heydər Əliyev C.Naxçıvanski adına internatlaşdırlmış hərbi məktəbin məhz Azərbaycanda yaradılması haqqında Moskvadan razılıq ala bildi. Məhz həmin dövrlərdə 10 minə yaxın gənc Naxçıvanski hərbi məktəbini bitirərək Sovet İttifaqında ən nüfuzlu hərbi məktəblərə daxil olaraq böyük ordu həyatına vəsiqə aldılar. Qarabağ müharibəsində Naxçıvanski hərbi məktəbinin 1500 nəfərdən çox məzunu erməni işğalçılarına qarşı vuruşlarda əsl qəhrəmanlıq nümunələri göstərdilər. Artıq illər keçdikcə sovetlər dövründə müstəqil Azərbaycan dövlətinin yaradılması istiqamətində Heydər Əliyev əslində yaxın gələcək illər üçün milli müstəqilliyin konsepsiyasını, planını çox dəqiqliklə hazırlayırdı.
1970-80-ci illərdə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 700-dən artıq məktəb binası tikilərək istifadəyə verilmişdi. Bu illərdə respublikada ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatdırıldı. Ümummilli liderin 70-ci illərdə minlərlə azərbaycanlı gənci respublikamızın hüdudlarından kənarda yüksək ali təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də onun xeyirxahlığının və bu sahəyə verdiyi önəmin bariz ifadəsidir. Respublikaya birinci rəhbərliyi dövründə 10 mindən artıq gənci keçmiş SSRİ respublikalarının ali məktəblərinə təhsil almağa göndərən Heydər Əliyev yüksək ixtisaslı, vicdanlı və peşəkar kadrların hazırlanması, dövlət idarəçiliyi sisteminin sağlamlaşdırılması məsələlərinə ciddi fikir verirdi. Ulu öndər Heydər Əliyev Azərbaycanda bir sıra yeni ixtisaslar olan informasiya texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, aviasiya sahələrində mütəxəssis hazırlayan ali məktəblərin olmadığını nəzərə alaraq minlərlə azərbaycanlı gəncin Moskva, Kiyev, Minsk və başqa şəhərlərdəki nüfuzlu ali məktəblərə göndərilməsini təmin etdi.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın təbii konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran şanlı epoxanı əhatə edir. Ümummilli liderin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü isə onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsidir.
Dövlət müstəqilliyinin ilk illərində – 1991-ci ildən 1993-cü ilin iyununa qədərki mərhələdə respublikada mövcud olmuş fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız de-yure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdir. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təmini, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. O zaman hakimiyyətdə olan qüvvələrin səriştəsiz və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Müstəqilliyin ilk illərində dövlət idarəçiliyinin iflic vəziyyətinə düşməsi, ayrı-ayrı siyasətçilərin “könüllü döyüşçü” adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarı ilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Belə şəraitdə nəinki hüquqi dövlətdən, demokratiyadan, hətta insanların təhlükəsiz yaşamaq kimi adi hüququndan danışmaq belə mümkün deyildi. Cəmiyyətin fəal zümrəsi olan gənclərin müxtəlif vasitələrlə bu siyasi oyunlara, qanunsuz silahlı qruplaşmalara cəlb edilməsi, məkrli tədbirlərin həyata keçirilməsində “siyasi alət” kimi istifadə olunması meyilləri xüsusən narahatlıq doğururdu.
Azərbaycanda xaos və anarxiya hökm sürürdü. İqtisadiyyat dağıdılmış, insanların yaşayış səviyyəsi kəskin şəkildə aşağı düşmüş, cinayətkarlığın səviyyəsi maksimum həddə çatmışdı. Qarabağda döyüşmək üçün ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər belə, həbsdən azad edilərək silahlandırılmışdı. 1993-cü ilin iyun ayının əvvəllərində Gəncə şəhərində xalqın dəstəyindən tamamilə məhrum olmuş mərkəzi hakimiyyətə qarşı baş qaldırmış hərbi qiyam isə ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, siyasi hakimiyyətə qarşı total inamsızlığın kulminasiya həddinə yetişməsi idi. Faktiki olaraq bəzi xarici qüvvələrin də dəstəklədiyi bu silahlı qiyam Azərbaycanın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına zəmin yaratmışdı. Azərbaycan faktiki olaraq dövlət müstəqilliyini itirmək ərəfəsində, xalq isə vətəndaş müharibəsinin astanasında idi. Belə bir mürəkkəb şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil oldu. Böyük strateqin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirildi, vətəndaş sülhü və həmrəyliyinin təmini istiqamətində ciddi addımlar atıldı. Ulu öndərin bu mərhələdə Azərbaycan üçün ən böyük xidməti isə onun de-fakto müstəqil dövlət qurması, dövlətçilik sütunlarını möhkəmləndirməsi, tarixi ənənə və müasirlik əsasında milli inkişaf konsepsiyasını müəyyənləşdirməsi oldu. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı. Ölkədə ictimai-siyasi sabitliyin tam bərqərar olması, hüquq qaydalarının möhkəmləndirilməsi, dövlət çevrilişləri cəhdlərinin qarşısının xalqın dəstəyi ilə qətiyyətlə alınması ulu öndər Heydər Əliyevə dövlət quruculuğu istiqamətində praktik addımlar atmağa imkan verdi.
Ümummilli xalqımıza qazandırdığı milli siyasi müstəqilliyin daha da möhkəmləndirilməsi üçün ilk növbədə Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunmasının mahiyyətini dərindən dərk edirdi. Heydər Əliyev neft sektoruna xarici sərmayələrin cəlb edilməsi istiqamətində ciddi addımların atılmasını təmin etmiş, 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmuşdur. Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın əsasını qoymuş bu müqavilənin imzalanması ilə respublikamızın gələcək inkişafının fundamental bünövrəsi qoyulmuşdur. “Əsrin müqaviləsi”nin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan verdi.
1993-cü ildən etibarən götürülən siyasi xəttin üstün cəhətlərindən olan demokratik, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl, məqsədyönlü tədbirlərin həyata keçirilməsi ölkəmizdə demokratiyanın, insan hüquq və azadlıqlarının fundamental prinsiplərinin qərar tutmasına zəmin yaratmışdır. 1995-ci ildə ölkənin bəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyanın qəbul edilməsi, çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi və s. Azərbaycanın demokratik dövlət quruculuğu yolunda atdığı önəmli addımlardandır. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və qətiyyətli addımı ilə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğv olunması onun insan hüquq və azadlıqlarına hörmət və ehtiramının parlaq təzahürü, həmçinin həyata keçirdiyi dövlət siyasətinin məntiqi nəticəsidir.
Xalqımızın tarix boyu qərarlaşmış milli dəyərlərinin bərpa edilməsi, Azərbaycan dilinin inkişafı, milli mədəniyyətimizin, dinimizin, mənəviyyatımızın yüksəldilməsi, gənclərin milli ruhda tərbiyə edilməsi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ürəyinin ən dərin qatlarına qədər milli lider olduğunu nümayiş etdirmişdır. Azərbaycanda elm, təhsil, mədəniyyət və incəsənət xadimlərinə dövlət qayğısının Heydər Əliyevin hakimiyyəti dövründə artırılması, tariximizin obyektiv mənzərəsinin yaradılması və s. kimi milli mənəviyyatı və milli qüruru yüksəldən, milli şüuru və milli ruhu, zənginləşdirən özünəqayıdış prosesi reallığa çevrilmişdir.
XX əsrin üçdə birini milli lider və rəhbər kimi millətinə xidmət etmiş Heydər Əliyevə Azərbaycan xalqının sonsuz məhəbbəti əbədidir. Tarixə qızıl hərflərlə yazılmış bu həqiqətləri daim qəlbində yaşadan Azərbaycan xalqı qüdrətli dövlət xadiminin misilsiz xidmətlərini sonsuz minnətdarlıq hissi ilə dilə gətirir, dünya şöhrətli müdrik oğlu Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur.
Bu gün Azərbaycan özünün hər bir sahədə dinamik inkişaf dövrünü yaşayır. Çünki cənab prezident İlham Əliyev Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. Əsrlər keçəcək, illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək amma Heydər Əliyevin milli müstəqillik, azərbaycançılıq ideyaları heç zaman yox olmayacaq. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.
Prof.A.M.Bayramov
ADAU-nun Ictimai fənlər
kafedrasının müdiri
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
Rəylər