Həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı

Həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı



Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Əsrlər boyu eyni soya, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və özbək xalqları həmişə bir-birinə dəstək olub, sıx əməkdaşlıq ediblər. Tarix boyu Azərbaycan xalqı özbək xalqının bütün sahələr üzrə beynəlxalq aləmdə qazandığı uğurlara sevinib, nailiyyətləri ilə fəxr edib. O cümlədən, Azərbaycan xalqının uğurları, qələbələri özbək xalqı üçün qürurverici hal olub. Hər iki ölkənin liderlərinin qarşılıqlı rəsmi səfərləri Azərbaycan və Özbəkistan strateji tərəfdaşlığında və çoxtərəfli münasibətlərində dostluğun sarsılmaz təməllərə söykənməsini bir daha təsdiqi edir. O cümlədən, Azərbaycan və Özbəkistan dövlətləri arasında 2022-ci ilin 21 iyun tarixində strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamənin imzalanması ilə münasibətlərdə keyfiyyətcə yeni mərhələnin əsası qoyuldu.

Qürurcverci haldır ki, müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlər Azərbaycan və Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayırıb. Sovet hakimiyyəti illərində türk xalqlarının qarşılıqlı münasibətlərinə yaradılmış maneələrə, siyasi təqiblərə baxmayaraq xalqlarımız arasında əlaqələr davam etdirilib. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında özbək xalqına böyük sevgi ilə yanaşan Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub.

Bu gün yeni yüksəliş mərhələsini yaşayan Azərbaycan – Özbəkistan dostluğu, qardaşlığı Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkələr arasındakı siyasi, diplomatik əlaqələr, iqtisadi münasibətlər daha da dərinləşib.

Xüsusi ilə, 44 günlük müharibə müddətində və müharibədən sonrakı dövrdə işğalçı Ermənistan dövlətinə kəskin münasibəti ilə seçilən Özbəkistan həmişə Azərbaycanın yanında olub, ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə və birmənalı şəkildə dəstəkləyib.

2023-cü ilin 22 avqust tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri hər iki türkdilli dövlətin dostluq, qardaşlıq münasibətlərinin daha da güclənməsindən xəbər verir. Görüş zamanı aparılan danışıqlar, keçirilən görüşlər, imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da inkişaf etməsinə şərait yaradıb. Eyni zamanda, Özbəkistanda keçirilən prezident seçkilərindən sonra Prezident Şavkat Mirziyoyevin ilk dövlət səfərini Azərbaycana etməsi ölkəmizə verilən yüksək dəyərin göstəricisi oldu. Yenidən Özbəkistan Prezidenti seçildikdən sonra Azərbaycana səfərin təsadüfi olmadığını vurğulayan Şavkat Mirziyoyev Özbəkistan Azərbaycanın uğurları, xüsusən də İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətlə həmişə fəxr etdiyini diqqətə çatdırıb.

“Bu gün bütün istiqamətlərdə əməkdaşlıq çox səmərəli və məhsuldar gedir. Son vaxtlar dövlətlərarası münasibətlər yüksələn xətlə inkişaf edir. Bir çox istiqamət üzrə ikitərəfli əməkdaşlıq üçün artıq ciddi baza yaradılıb. Bu həm liderlərin təmasları, həm Azərbaycanda, həm də Özbəkistanda və başqa yerlərdə mütəmadi keçirilən görüşlər, həmçinin dövlət strukturlarının nümayəndələri arasında sıx qarşılıqlı fəaliyyət sayəsində reallaşıb” –deyə bildirən ölkəmizin Prezidenti cənab İlham Əliyev bir daha Azərbaycanla Özbəkistanın sarsılmaz qardaşlığını bütün dünyaya nümayişi etdirib.

Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən 10 yeni, eyni zamanda iki ölkə arasında Ali Dövlətlərarası Şuranın yaradılması ilə bağlı sənədin imzalanması iki ölkə arasında əlaqələrin daha da güclənməsinə böyük töhfə olmaqla yanaşı, siyasi münasibətlərin və qardaşlığın yüksək səviyyədə olduğunu təcəssüm etdirdi.

İki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələrini inkişaf edirən Özbəkistan dövlətinin Qarabağdakı quruculuq işlərində öz payı var. İki dost ölkənin liderlərinin və birinci xanımlarının Füzuliyə, Şuşaya səfərləri, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına, özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını təhsil ocağında gənc nəsillə, 30 illik həsrətdən sonra doğma yurd yerlərinə qayıdan füzulililərlə görüş, Füzulinin baş planı ilə tanışlıq, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Saatlı, Yuxarı Gövhər ağa məscidlərini ziyarət, Bülbülün ev-muzeyinə, Mehmandarovların malikanə kompleksinə baxış qardaş ölkələr arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. İki türk dövlətlərinin Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir bəy Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərini ziyarət etməsi dünyaya daha bir mesaj oldu. Mədəniyyətimizin paytaxtı Şuşada, Cıdır düzündə gəzinti qonaqlarda daha xoş təəssüratlar yaratdı.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri möhkəm təməl üzərində qurulan sarsılmaz münasibətlərin yüksələn xətt üzrə inkişafının daha bir təsdiqi oldu. Ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirilən bu səfər iki qardaş dövlətin beynəlxalq münasibətlər sistemində həmrəylik nümayiş etdirməsinə, türk dünyasının güclənməsinə layiqli töhfələr verəcək.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR