Hərbi Qənimətlər Parkına gələn hər bir insan Silahlı Qüvvələrimizin gücünü və iradəsini görür

Hərbi Qənimətlər Parkına gələn hər bir insan Silahlı Qüvvələrimizin gücünü və iradəsini görür

Ümid Şükürov,
Gəncə Sukanal TSC-nin Su anbarlarının və nasos qurğularının istismarı sahəsinin rəisi, YAP Gəncə şəhər 152 saylı ərazi partiya təşkilatının sədri, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü

2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında tarixi Qələbə, şanlı Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına əbədi həkk olundu. O müharibə ki, əldə etdiyimiz Qələbə ilə bir daha sübut etdik ki, ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olmuşdur. Bəli, ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.

Vətən müharibəsində əldə olunmuş Qələbə həm də effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsi oldu. Uzun illər ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır.

Onu da əminliklə deyə bilərik ki, iqtisadi amil ölkənin qüdrətini artırdı və Qələbəni reallığa çevirdi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi. Eyni zamanda beynəlxalq təşkilatlarla əməkdaşlıq münaqişənin həlli üçün zəmin yaratdı. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslardır.

İşğalçı Ermənistan 30 ilə yaxın müddətdə ordusunun məğlubedilməzliyi ilə bağlı mif yaratmışdı. Ermənilər qurduqları mərhələli istehkamları, basdırdıqları saysız–hesabsız minaları, hərbi texnikaları məhv edə biləcək şir ürəkli Azərbaycan igidlərini, eləcə də bütün Azərbaycan xalqını vahid komandanlıq altında birləşdirən Ali Baş Komandanımızı, hərb meydanına PUA-larla, SİHA-larla çıxan Milli Ordumuzu, kosmos ölkəsi olduğumuzu nəzərə ala bilməmiş, özünəvurğunluğun xülyasına qapılmışdılar.

Qarabağ uğrunda gedən müharibədə bütün xalqımız Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşdi, bütövləşdi. 44 günlük müharibənin hər günündə müzəffər ordumuz düşməni darmadağın edən tarixə parlaq qələbələr yazdı. İgid oğullarımız bayrağımızı illərlə həsrətini çəkdiyimiz Qarabağın kəndlərində, şəhərlərində, zirvələrində dalğalandırdılar. Zəfər çaldıq. Dəmir yumruq “məğlubedilməz” düşməni diz çökdürdü. Tarixi ədalət və beynəlxalq hüquq bərpa edildi. Dünya Azərbaycanın hərb meydanındakı taktikalarına, hərbi texnikalarının gücünə, igid oğullarımızın məharətinə, şücaətinə heyran qaldı. Haqqın, ədalətin qələbəsini, Prezidentin dediyi kimi, Xeyirin Şər üzərində qələbəsini alqışladı.

Məhz bu şanlı qələbə Hərbi Qənimətlər Parkında canlandırılmışdır. Bu park 44 günlük müharibədə Azərbaycan igidlərinin Ermənistan ordusunu necə məhv etdiyini ən xırda detallarına qədər göstərən qürur yerimizdir. Burada Vətən müharibəsində “məğlubedilməz” Ermənistan ordusunun qoyub qaçdığı hərbi avtomobillərin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar, artilleriya qurğuları sərgilənir. Nümayiş etdirilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışı zamanı deyib: “Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər”.

“Hərbi Qənimətlər Parkı illər keçsə də, daim hər kəsin ən böyük maraq dairəsində qalacaq, Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun və müstəqil Azərbaycan dövlətinin gücünü, qüdrətini, əldə etdiyimiz qələbənin və qəhrəmanlıqların möhtəşəmliyini hər kəsə və dünyaya konkret dəlillərlə, faktlarla göstərəcək, düşməni əbədi susmağa məhkum edən eksponatların dili ilə danışacaqdır”

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR